Oktyabrın 6-da Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, görkəmli kinooperator Arif Nərimanbəyovun (1917-1992) 100 illiyi münasibətilə tədbir keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşacaq tədbirdə sənətkarın milli kinomuzun inkişafında xidmətlərindən danışılacaq, keçdiyi ömür yoluna nəzər salınacaq. Kinooperatorun yaradıcılığını əks etdirən fotosərgi, videoçarx nümayiş olunacaq.
   Arif Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və digər ekran əsərlərinin quruluşçu operatoru olub.