Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə AYB-nin sədri, Xalq yazıçısı Anarın oxucularla görüşü keçirilib. Sumqayıtdakı Əli Kərim adına Poeziya evində keçirilən görüşə mədəniyyət işçiləri və şəhərin ədəbi ictimaiyyəti, ədəbiyyatsevərlər qatılıb. 
   Regional idarənin rəisi Mehman Şükürov qonaqları salamlayaraq görkəmli qələm sahibləri ilə belə görüşlərin şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu deyib.
   Görüşdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək bildirib ki, Xalq yazıçısı Anar bu gün burada təkcə birliyin sədri olaraq deyil, həm də bir ziyalı olaraq iştirak edir. AYB-nin katibi bu görüşlərin davamlı olacağını bildirib. Rəşad Məcid AYB Sumqayıt bölməsinin mərhum sədri Sabir Sarvanı xoş sözlərlə anıb, bölmənin yeni sədri Gülnarə Cəmaləddinə fəaliyyətində uğurlar arzulayıb.
   Xalq yazıçısı Anar çıxış edərək görüşə görə təşəkkürünü bildirib, belə bir şeir ocağında yüksək səviyyəli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Sumqayıt ədəbi mühiti haqqında fikirlərini bölüşüb, AYB Sumqayıt bölməsinin fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
   Tədbirdə yerli yazarlar çıxış edib, şeir nümunələri oxuyublar. 
   Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.