Oktyabrın 5-də 2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb. İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yapon əsilli Britaniya yazıçısı Kadzuo İsiquro layiq görülüb.
   1954-cü il noyabrın 8-də Yaponiyanın Naqasaki şəhərində anadan olan K.İsiquro beş yaşında olarkən ailəsi Britaniyaya köçüb. Yazıçı 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən ədəbi fəaliyyətlə məşğuldur. 1989-cu ildə nəşr olunan “Günün qalanı” romanı ilə məşhurlaşıb. “Uzaq təpələr”, “Məni buraxma”, “Uşaqlığımı axtaranda”, “Dəfn olunmuş nəhəng” və digər romanların müəllifidir.
   Qeyd edək ki, ənənəvi olaraq oktyabrın ilk həftəsində (“Nobel həftəsi”) mükafatın altı nominasiya üzrə (fiziologiya və təbabət, fizika, kimya, ədəbiyyat, iqtisadiyyat, sülh) qalibləri elan edilir. Mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da keçirilir. Mükafatın məbləği 1 milyon dollardır. Nobel sülh mükafatı Osloda Norveç Kral ailəsinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri, qalan mükafatlar Stokholmda İsveç Kralı tərəfindən təqdim edilir.