Oktyabrın 4-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
   Mədəniyyət mərkəzinin direktoru Leyla Qasımova və respublikamızın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək iki ölkə arasında əlaqələrin qədim tarixə malik olduğunu bildiriblər. Qeyd olunub ki, bu əlaqələrin tarixi hələ XVI əsrdə Habsburqlar və Səfəvilər sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır. Bu gün Azərbaycan Avstriya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır. 
   Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Qeorq Vettel ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib. 
   Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə gənc Azərbaycan musiqiçiləri, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəliyeva (mezzo-soprano) və Abuzər Manafzadənin çıxışı (fortepiano) tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə Ü.Hacıbəyli, F.Əmirov, V.Mustafazadə, E.Qriq, V.A.Motsart və digər bəstəkarların əsərləri səsləndirilib.
   Mədəniyyət mərkəzinin salonunda, həmçinin gənc rəssam Nərgiz Quliyevanın əsərlərindən ibarət sərgi nümayiş olunub.