Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlarda qarşılıqlı mədəniyyət günləri keçirilib. 
   Tədbirlərin məqsədi rayonların qədim adət-ənənələrinin yaşadılması və təbliği, mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.
   Xaçmazdakı Heydər Əliyev Mərkəzində gerçəkləşən “Qusar mədəniyyət günü”ndə qonşu rayonun sənətkarlarının əl işləri, mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və fotosərgi nümayiş olunub. “Xəzər” kinoteatrında təşkil edilən konsertdə Qusar mədəniyyət və incəsənət ustaları, folklor kollektivləri çıxış edib.
   Qusar şəhərində təşkil olunan “Quba mədəniyyət günü” də yaddaqalan olub. Mədəniyyət mərkəzində təşkil edilən tədbirdə Quba sənətkarlarının əl işləri, rayonun mətbəx nümunələri, foto və kitablar sərgilənib. Qubalı incəsənət ustalarının, folklor kollektivlərinin çıxışı da maraqla qarşılanıb. 
   Quba rayon Mədəniyyət mərkəzində isə “Xaçmaz mədəniyyət günü” keçirilib. Burada da sərgi nümayiş olunub, konsert proqramı təqdim edilib.
   Daha bir tədbir Siyəzəndə gerçəkləşib. Mədəniyyət mərkəzində təşkil olunan “Şabran mədəniyyət günü”ndə yerli sənətkarların əl işləri, Şabranın tarixini əks etdirən qədim əşyalar və fotostend sərgilənib.
   Regional idarənin rəisi Nazim Ağayev çıxış edərək layihə çərçivəsində reallaşan silsilə tədbirlər barədə danışıb. Sonra Şabran mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin konserti olub.