Oktyabrın 3-dən 5-dək Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti toplantısı (Baş Assambleya) keçirilib. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova təmsil edib.
   Tədbirdə Loutraki şəhərinin meri Georgius Gkionis qurumun Baş Assambleyasının məhz bu şəhərdə toplanmasından məmnunluğunu ifadə edib.
   Yunanıstanın Bələdiyyələr Birliyinin prezidenti Georgius Patoulis çıxışında bildirib ki, bu kimi tədbirlər üzv ölkələrin sağlamlıq və termal imkanlarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir.
   Assambleya çərçivəsində Türkiyənin Pamukkale, Rusiyanın Kislovodsk, İspaniyanın Mondariz Balneario, Gürcüstanın İmereti şəhərlərinin təqdimatları keçirilib və səsvermə nəticəsində bu şəhərlər Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilib.
   Daha sonra Günel Aslanova tərəfindən Qalaaltı regionunun geniş təqdimatı olub. Bölgənin sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib.
   ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında növbəti Baş Assambleyanın Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib, göstərilən yüksək dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.
   Xatırladaq ki, ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya tarixi termal şəhərlərin dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində mühüm işlər görür.