Əməkdar artist Boris Qrafkinlə yubiley söhbəti 
   
   Bəlkə də bu gün küçədə onunla rastlaşanların çoxuna üzdən tanış gəlmir. Arıq bədənli, ortaboylu, çalsaçlı bir kişidir. Adətən kepkanı lap gözlərinin üstünədək elə basır ki, yaşla əlaqədar işığı bir qədər azalmış mavi gözləri də görünmür. Deyəsən, elə naşı baxışlardan uzaq olmaq üçün də uzun saçlarını qatlayıb kepkanın altında gizlədir. Ta iş yerinə gəlincə!.. Burada gizlənməyə, baxışlarını yerə dikməyə ehtiyac yoxdur. Evindən sonra çox getdiyi məbəddən biridir bura (o biri məbəd barədə müsahibəmizdə söz açacağıq). Burada çalışanlar üçün o ya Borinkadı, ya da Boris Fyodoroviç. Yəni müraciət forması iş yoldaşları ilə münasibətindəki səmimiyyətin yaşından və ölçüsündən asılı olaraq dəyişir.    
   Elə biz də ona Boris Fyodoroviç deyə müraciət edəcəyik. 
   Beləliklə, Azərbaycan Dövlət Musiqili Teatrındakı qrim otaqlarının birində əyləşib respublikanın Əməkdar artisti Boris Qrafkin ilə söhbət edirik. Səbəb də var: bütün ömrünü bu teatra həsr etmiş aktyorun 80 yaşı tamam olur. Göz dəyməsin, qıvraqdır, səsi yerində, hərəkətləri çevik, yaddaşı normal. Söhbətə təbriklə başlayıb, sonra bir qədər uzağa gedirik:
   - Boris Fyodoroviç, yubileyiniz münasibətilə təbriklərimizi qəbul edin. Sizi təkcə redaksiyamızın adından deyil, həm də uzun illər boyu sizi salondan izləmiş minlərlə teatrsevərin adından təbrik edirik. 
   - Çox sağ olun, minnətdaram. Müsahibəni gözləmədiyim üçün bu görüş əsl sürpriz oldu... 
   - Uzun ömür yaşamaq çox yaxşıdır, amma səhnədə uzun ömür yaşamaq əsl nemətdir. 
   - Çox gözəl ifadə etdiniz. Doğrudan da elədir. Bu il 57-ci ildir ki, eyni teatrda səhnəyə çıxıram. Sağlıq olsun, üç ildən sonra 60 il olacaq! 
   - Deməli, lap gəncliyinizdən teatrdasınız.
   - Mən uşaqlıqdan musiqi ilə, teatrla maraqlanırdım. Biz indiki Bakıxanov qəsəbəsində yaşayırdıq. Yadımdadır, müəllimlərimiz bizi elektrik qatarı ilə şəhərə, teatra gətirərdilər. Sonra orduya getdim, əsgərlikdə olanda da özfəaliyyət dərnəyi yaratmışdım. Heç təsəvvür edirsiniz, harada?
   - Harada? 
   - Bakıdan məni düz Şimal qütbünə, «Novaya zemlya» adasına hərbi xidmətə yollamışdılar. Mən, bakılı balası, cənublu bir insan 25 dərəcə şaxtada xidmət keçmişəm. Amma elə bir soyuq yerdə də çalıb-oxumaq istəyimdən qalmırdım. 
   - Ordudan qayıdanda da başladınız peşəkar fəaliyyətə...
   - Nə danışırsınız?! Valideynlərimin təkidi ilə Neft-Kimya İnstitutuna daxil oldum, guya neft kimyası üzrə mühəndis olacaqdım. Amma anlayırdım ki, bura mənim yerim deyil. İnstitutu atıb Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Elə həmin vaxtlarda da teatra gəldim. O vaxt teatr indiki Teatr Xadimləri İttifaqının yerindəki balaca, köhnə binada yerləşirdi, direktor da rəhmətlik bəstəkar Süleyman Ələsgərov idi. Bədii şura mənim ifamı bəyənən gündən bu kollektivdəyəm. Həm oxuyub, həm də işləyirdim. 
   - İlk tamaşanızı, rolunuzu da yəqin ki unutmamısınız... 
   - Heç unudarammı? «Malinovkada toy»da Andreykanı oynamışam. Aktyor səhnəyə çıxmayınca demək olmaz ki, o, aktyordur, ya yox? 1961-ci ildən buradayam. Özüm də təkcə aktyorluq etməmişəm. Tamaşalara quruluş vermişəm, qastrolların təşkilində inzibatçı kimi çalışmışam. Teatrla birlikdə Azərbaycanı gəzmişəm, keçmiş SSRİ-də aylarla qastrolda olmuşam. Teatrda silahlı qüvvələrə mədəni hamilik komissiyasının sədri də olmuşam. Konsert proqramları ilə hərbi hissələrdə çıxış edərdik. Bəzən müğənniləri, digər teatrların aktyorlarını öz dəstəmizlə birlikdə konsertlərə aparardıq. Qarabağda, Hadrutdakı sərhəd dəstəsinə birbaşa hamilik edirdik. Bəzən hər ay onların qarşısında yeni proqramla çıxış edirdik. 
   - Deməli, maraqlı xatirələriniz var. Bu hamilik konsertləri nə vaxtadək davam etdi?..
   - Başa düşürəm, bu sualı niyə verdiniz... Mənim aktyorluq taleyimdə ən qorxulu, ən təsirli xatirə də elə bununla bağlıdır. 90-cı illərin əvvəlində hamiliyimizdə olan həmin dəstəni Xankəndinə köçürmüşdülər. Bir gün xəbər gəldi ki, onlar bizim gəlişimizi gözləyirlər. Mən də bizim teatrdan aktrisa Bella Şves, Rus Dram Teatrından Aleksandr Şarovski, Hacımurad Yagizarov, bir də böyük müğənnimiz Mirzə Babayev ilə yola çıxdım. Düzü, o vaxt informasiya gizlədilirdi deyə, biz bilmirdik ki, bu səfərə çıxmaqla hansı riskə gedirik. Xankəndinə çatanda bizə xəbərdarlıq etdilər ki, nəsə olsa, dərhal yerə uzanın. Demə, aləm qarışıbmış, Bakıdan artistlərin gəldiyini eşidən ermənilər Partiya Komitəsinin qarşısında etiraz aksiyası keçirirlər. Bizi avtomatlı hərbçilər qoruyurdu. Ermənilər qışqırıb söyüş söyməyə, təhqir etməyə başlayanda Mirzə Babayev onlara necə lazımdır, cavab verdi! Sonra da qürurla qarşılarından keçdi. Onun «layiqli» cavabından sonra bütün ermənilər susdular. 
   Sonra da indi işğal altında olan bütün rayonlarda çıxış etdik... Təəssüf ki, o yerlərə bir də ayağımız dəymədi... 
   - Təəssüf... 
   - Bilirsiniz, uzun ömür yaşamışam. Yəqin ki, belə xatirələrim də olmalıdır. Mövzunu dəyişək...
   - Heç saymısınız ki, indiyədək neçə rol oynamısınız? 
   - Təxminən yüz olar... Teatrda ilk rollarımdan biri «Silva»da olub. Bonini oynamışam. İndisə Edvinin atasını - knyaz Volyapuku oynayıram. Əslində «Silva»nın indiki quruluşu mənim taleyimdə dördüncü «Silva»dır. Bizdə bir rejissor var idi, Klarisov soyadında. Mən cavan olsam da, ikinci quruluşda mənə ata rolunu verdi. Təəccübləndimsə də, oynadım. İş elə gətirdi ki, həmin tamaşanın premyerasını Kursk şəhərində göstərdik. O zaman Yelizaveta Qoqoberidze mənim tərəfdaşım idi. Üçüncü quruluşda isə Ferrini mənə vermişdilər. Budur, yenə də ata knyazı oynayıram. Amma nəzərə alsaq ki, bu əsəri ayrı-ayrı rejissorlar səhnələşdirib, deyə bilərəm ki, mən fərqli tamaşalarda oynamışam. 
   - Fərqli tamaşa demişkən, ən çox sevdiyiniz, ya da həsrətində olduğunuz rol varmı? 
   - Açıq deyəcəyəm. Operetta artisti üçün Kalmanın, Offenbaxın, Leqarın, Ştrausun əsərlərində çıxış etmək gözəl məktəbdir. Həm aktyorlar, həm musiqiçilər, həm də balet artistləri üçün. Onların əsərlərində bütün obrazların böyük yükü var. Amma mənim ən sevimli rolum «Arşın mal alan»dakı Soltan bəydir. Bir neçə il əvvəl teatrın rus truppasında onu təzədən tamaşaya qoyduq. Hətta belə bir fikir də oldu ki, mən Soltan bəyi Azərbaycan dilində də oynayım. Mətni öyrənməyə də başlamışdım. Təəssüf ki, baş tutmadı, arzum ürəyimdə qaldı...
   - Teatrda belə şeylər olur, üstəlik, aktyorlar da asılı sənət sahibləridir...
   - Elədir. Amma mən Tofiq Quliyevin, Hacı Xanməmmədovun əsərlərində də çıxış etmişəm, həmin tamaşalarla qastrollara getmişəm. 
   - İndisə teatrda işiniz əvvəlki qədər deyil. Üstəlik, rus dilində böyüklər üçün tamaşalar da azdır. Darıxmırsınız? 
   - Teatrda bir neçə tamaşada, hətta uşaqlar üçün əsərlərdə də məşğulam. Həm də mən pravoslavam, özüm də dindar adamam. Artıq neçə ildir ki, katedral kilsənin xorunda da oxuyuram. İbadətlər zamanı, bir də dini bayramlarda çıxış edirəm. Cavanlığımda Dövlət Xor Kapellasında oxuyurdum. İstəyirəm ki, musiqi mənim həyatımı tərk etməsin. 
   - Kilsə xorunda oxumaq sizə nə verir? Axı ora tamam fərqli ölçülərlə nizamlanan məkandır, dini musiqi də insana bambaşqa hisslər təlqin edir. 
   - İnsanın min cür dərdi, qayğısı olur. Amma məbədə ayaq basan kimi, yüngülləşirsən, oranın aurası səni vadar edir ki, həyatdakı, məişətdəki qayğılara adi, bir qədər yuxarıdan aşağı baxasan. 
   - Elə teatra buna görə məbəd deyirlər... 
   - Teatr da, kilsə də mənə böyük həyat qüvvəsi verir. Səmavi dinlər insanlara sevginin hər şeydən öndə olmasını aşılayır. Əgər sənətini, teatrı sevmirsənsə, burda neyləyə bilərsən? 
   * * *
   Boris Fyodoroviç Qrafkinlə tamaşadan öncə görüşmüşdük. Müsahibə əsnasında bir neçə dəfə qrim otağının qapısı döyüldü, illərdən bəri onunla eyni kollektivdə işləyən sənət yoldaşları onu hamıdan tez təbrik etməyə, salona toplaşanlardan öncə alqışlamağa can atırdılar. Hədiyyə gətirənlər də var idi. Biz də mətbu orqan olaraq, hədiyyəmizi adət üzrə bir qədər ləngitdik. Amma yenə də deyirik: 80 yaşınız mübarək, ağsaqqal aktyor Boris Qrafkin! 
   
   Gülcahan Mirməmməd