Beynəlxalq əlaqələrini daim genişləndirən Bakı Xoreoqrafiya Akademiyası Rusiya, Litva, Belarus, Çin və Qazaxıstanın aparıcı mədəniyyət, incəsənət və xoreoqrafiya təhsili müəssisələri ilə əməkdaşlıq qurub. Bu sıraya Yaponiyanı da əlavə etmək olar.    
   Bu günlərdə Tokio Balet Akademiyasının Beynəlxalq əlaqələr departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. O, özünün məsləhətilə bir müddət öncə Bakı Xoreoqrafiya Akademiyasının bakalavr səviyyəsində təhsil almağı ərz edən, Yaponiyada xoreoqrafiya üzrə baza təhsili almış Tomioka Akina ilə təşrif buyurub. 
   Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin qonaqla görüşündə Azərbaycan və Yaponiya arasında bədii təhsil və xoreoqrafiya sənəti sahəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Rektor qeyd edib ki, Azərbaycan Şərqdə xoreoqrafiya ənənələrinə malik ilk ölkə olsa da, bu sahədə Yaponiya təcrübəsi də bizim üçün böyük əhəmiyyət kəsb edir. 
   Görüşdə noyabr ayında Tokioda Bakı Xoreoqrafiya Akademiyası və Tokio Balet Akademiyası arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub və BXA-nın rektoru Yaponiyaya işgüzar səfərə dəvət edilib.
   Daha sonra Andrey Orlov akademiyanın prorektoru, Xalq artisti Təranə Muradovanın müşayiəti ilə dərslərdə iştirak edib, akademiyanın maddi-texniki bazası ilə tanış olub. Təəssüratlarını bölüşən qonaq deyib ki, Azərbaycana ilk gəlişidir və Bakıda gördükləri onu heyran edib. Qeyd edib ki, Bakı Xoreoqrafiya Akademiyasındakı imkanlar, yaradıcılıq mühiti, eləcə də müəllimlərin peşəkarlığı tezliklə bu tədris ocağının dünyanın aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait yaradacaq. 
   A.Orlov bildirib ki, BXA-nın məzunları və nailiyyətləri barədə kifayət qədər məlumatlıdır və Tomioka Akinanın xoreoqrafiya üzrə təhsilini burada davam etdirməsi ən uğurlu seçimdir.