Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. 
   
   Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır. 
   
   Tarixdən bu günə
   
   Qazianteplə ilk tanışlığım şəhərin simvolları arasında önəmli yer tutan qaladan başlayır. Şəhərin mərkəzində qərar tutan qədim tikili ilk baxışdan tarixi və möhtəşəm gözəlliyi ilə diqqəti cəlb edir. 25-30 metr hündürlükdə təpənin üzərində inşa edilən qala Türkiyədə qorunub saxlanılmış ən qədim tikililərin gözəl nümunələrindən biridir. Qalada Qaziantep Böyük Şəhər Bələdiyyəsinin başladığı təmir-bərpa işlərinin bir hissəsi başa çatsa da, digər hissədə hələ davam etdirilir. Tikiliyə qalxan yolda toplu şəkildə heykəllər qoyulub. Bələdçinin dediyindən bəlli oldu ki, bu, şəhərin müdafiəsində iştirak edən və şəhid olan anteplilərin heykəlləridir. 
   Qala şəhərin müdafiəsində mühüm rol oynayıb. 1918-ci ildə əvvəlcə ingilislər, sonra isə fransızlar və onlara qoşulan ermənilər şəhərə hücum edir. Sakinlər bir ilə qədər öz qüvvələri hesabına düşmənə qarşı döyüşür, son ana qədər dirəniş göstərirlər. Elə buna görə də Türkiyə Böyük Millət Məclisi 8 fevral 1921-ci ildə Antepə qazi-şəhər titulu verir və bu tarixdən şəhər Qaziantep adını alır. 
   Qalanın kimlər tərəfindən və nə zaman tikildiyi bilinməsə də, üzərində yerləşdiyi kurqanın yaşı 6 min ilə qədərdir. Qala zamanla genişlənib, ərazisi böyüyüb. Evliya Çələbinin “Səyahətnamə”sində qalanın 32 qülləsi olduğu göstərilsə də, bu günə qədər 12-si qorunub saxlanılıb. Qaziantep qalasının ətrafında 30 metr genişlikdə və 10 metr dərinliyində bir xəndək var. Qalaya getmək üçün körpüdən istifadə etmək lazım gəlir. 1557-ci ildə Qanuni Sultan Süleyman qala körpüsünün hər iki tərəfində qüllələri bərpa etdirib. 
   Hazırda qalada aparılan bərpa işlərində müasir texniki üsullar tətbiq olunur, muzey qurulub. Burada qalanın keçmişi, o cümlədən Qurtuluş savaşı dönəmində şəhərin müdafiəsi ilə bağlı elektron məlumat almaq mümkündür. 1933-cü ildə Mustafa Kamal Atatürk ilk dəfə Qaziantepə səfər edir və elə bu səfəri zamanı da şəhərin Bəy məhəlləsində qeydiyyata düşür. Yəni Atatürkün pasportunda rəsmi qeydiyyatda olduğu yer məhz Qaziantep idi. 
   Qalanın ətrafında yaradılan muzeylərdən biri də Hamam muzeyidir. Qədim türk hamam adətlərini özündə əks etdirən muzeyə daxil olanları sürpriz də gözləyir. Belə ki, burada qurulmuş müasir üsullarla istədiyin tərkibdə sabun hazırlayıb özünlə götürə bilərsən.
   
   Qaziantep mətbəxi
   
   Qaziantep bütün dünyada həm də mətbəxi ilə məşhurdur. Təsadüfi deyil ki, şəhər öz kulinariya fərqliliyinə, çoxçeşidliliyinə görə 2004-cü ildə UNESCO-nun “Yaradıcı şəhərlər” siyahısına daxil olub. Bu, Türkiyədən həmin siyahıya düşən ilk şəhərdir. Qaziantepin mətbəx ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək üçün kulinariya kursları təşkil edilir, yerli mətbəxin təqdimatları keçirilir. Türkiyədə ilk mətbəx muzeyi də Qaziantepdə açılıb. 
   Əminə Gögüş Mətbəx Muzeyi yerli mətbəx mədəniyyətini yaşatmaq üçün çox önəmli bir vəzifə yerinə yetirir. 1905-ci ildə tikildiyi deyilən bu malikanə Kethüdazadə Gögüş İbrahim Əfəndi malikanəsi olaraq tanınır. Qaziantepin önəmli şəxsiyyətlərindən biri, Türkiyənin ilk turizm naziri olmuş Ali İhsan Gögüş bu malikanəni 2005-ci ildə şəhər bələdiyyəsinə muzey olaraq bağışlayır. Sadəcə bir şərtlə: muzeyə anasının adı veriləcəkdi. 2007-ci ildə bərpa işləri başa çatdırıldıqdan sonra muzey xalqın ziyarətinə açılır. Muzeydə ənənəvi Qaziantep mətbəxi ləvazimatları, süfrə mədəniyyəti, yemək bişirmə adətləri sərgilənir. 
   
   Zoopark və safari parkı
   
   Qaziantep zooparkı Türkiyədə ən geniş əraziyə malik heyvanat bağıdır. Burada akvarium, quşlar üçün qəfəslər, meymun, kenquru, dəvə, atlar, maral, dağkeçisi və s. heyvanlar üçün xüsusi tikililər var. Quşlar üçün qəfəslər o qədər böyük və hündürdür ki, onlar çox rahatlıqla uça bilir. Tropik iqlimdə yaşayan quşlar üçün soyuq aylarda isidilən qapalı bölümlər də var. Dəniz və su canlılarının yerləşdirildikləri hissə də böyük ərazini əhatə edir. Zooparkın yırtıcı heyvanlar üçün nəzərdə tutulmuş hissəsi də yay və qış evlərinə bölünüb. Burada ən müxtəlif vəhşi heyvanları - aslan, pələng, leopard, yaquar, puma, ayı, canavarları görmək olar. Zürafə, dəvə, kenquru, atlar və dəvəquşlarına gəlincə, onlar qışda qapalı sahələrdə saxlansa da, yayda təbiətin qoynuna, yəni açıq sahələrə buraxılır. 
   Zooparkın ərazisində Türkiyənin ilk safari parkı da yer alıb. 2015-ci ildə açılışı keçirilən parkda müxtəlif maral növləri, ceyran, dağkeçisi, Kamerun qoyunu, kenquru, lama və s. daxil olmaqla 25 növdə 250-dən çox heyvan, 50 növ quş var. Ərazidə iki təbii göl də mövcuddur. Ziyarətçilərin safari parkını gəzmələri üçün hər cür şərait yaradılıb. Onlar heyvanları daha yaxından görmək üçün gəzinti maşınlarından istifadə edə bilər. 
   Uşaqlar da bu məkana böyük diqqət göstərirlər. Buna səbəb kitablarda gördükləri heyvanları canlı görmə fürsətidir. Bunu nəzərə alan rəhbərlik zooparkda uşaqlar üçün uşaq oyun qrupları, istirahət parkları da qurub. 
   Qaziantep zooparkı həm Türkiyə, həm də dünya miqyasında səyahət və turlar siyahısına daxildir. Buraya dünyanın müxtəlif ölkələrindən ziyarətçi gəlir.
    
   Kutnu
   
   Qaziantep həm də dünyada özünəməxsus parçası - kutnu ilə tanınır. Parça pambıq və ipəkdən hazırlanır. Şəhər bazarında və eləcə də mağazalarda kutnudan hazırlanan ən müxtəlif əşyalara rast gəlmək mümkündür. Bu sıraya parça şallar, qalstuklar və s. aid etmək olar. Kutnudan hazırlanan məhsullar çox məşhurdur. Bu parça zərifliyin və estetikanın bir simvoludur. Bu yaxınlarda modelyer Bora Aksu tərəfindən London moda həftəsində təqdim olunan nümunələr böyük maraq doğurub. 
   Bir sözlə, tarixin, adət-ənənələrin, mədəniyyətin qorunduğu, yaşadıldığı Qaziantep qardaş ölkənin gəzməli-görməli şəhərlərindən biridir.
   
   Mehparə Sultanova
   Ankara