“Yeni hotellərin tikintisi üçün yerlər ayrılmalı, özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır”
   
   Turizmin inkişafı reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə hotellərdə yer olmur. Ona görə yeni hotellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
   Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirən Prezident iqtisadi göstəricilərin müsbət olduğunu, o cümlədən qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını, Azərbaycanın valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollara çatdığını vurğulayıb.
   “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu bildirib.
   Qeyd olunub ki, regionların uğurlu inkişafı ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
   Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlətimizin başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırıb: “Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Prezident bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir”.
   Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident diqqətə çatdırıb ki, 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
   Yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan ölkə başçısı deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Prezident bu layihələrin regionlarda turizmin inkişafına əlavə zəmin yaratdığını bildirib: “Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın”.
   Prezident son dövrlər regionlarda xalçaçılığın inkişafı istiqamətində görülən işlərin də əhəmiyyətini vurğulayıb: “Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq. Əlbəttə ki, biz bundan sonra xarici bazarlara çıxışı təmin etməliyik. Bunun üçün yəqin ki, sərgilərdə, beynəlxalq tədbirlərdə daha fəal iştirak etməliyik. Həmçinin reklam xarakterli tədbirlər də görülməlidir ki, Azərbaycan öz milli sənətini dünyaya təqdim etsin”.