Oktyabrın 11-dən 15-dək Almaniyanın Frankfurt şəhərində Beynəlxalq kitab yarmarkası keçiriləcək. Ənənəvi kitab bayramında Azərbaycan da təmsil olunacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edəcək.
   Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt yarmarkası nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu ilə seçilir. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın mədəniyyətinin, müasir inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliği baxımından bu sərgidə iştirak xüsusi əhəmiyyət daşıyır.
   Ölkəmizin nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə yarmarkada 56 kvadratmetr sahədə milli stendimiz qurulub.
   Qız qalası və qədim Bakının qala divarları dizaynı ilə hazırlanmış stenddə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, tarix və mədəniyyətimizə, ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərə təqdim ediləcək.
   Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək.
   12 oktyabr tarixində milli pavilyonda "XVIII-XXI əsrlərdə almandilli nizamişünasların elmi tədqiqatlarının nəticələri" və "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu qədim əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzularında məruzələr dinləniləcək.
   Oktyabrın 13-də stendimizdə "Azərbaycan almanların gözü ilə", "Azərbaycanlılar Almaniyada - diaspor nümayəndələrinin təəssüratları" mövzularında müzakirələr olacaq, Rahim Şmidtin “Mədəniyyətlərarası təbabət və kommunikasiya" kitabının təqdimatı keçiriləcək.
   14 oktyabrda milli pavilyonda keçiriləcək digər tədbirdə Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı məruzələr təqdim ediləcək. Tədbir çərçivəsində, həmçinin “IRS-Erbe” jurnalının Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsinin və “IRS Publishing House” nəşrlər evinin kitablarının təqdimatı keçiriləcək.