Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) 23-cü Beynəlxalq turizm yarmarkası çərçivəsində “Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 
   Tədbirdə iştirak edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən layihələrdən danışıb. O, ölkə rəhbərliyinin bu sahəyə diqqətindən söz açaraq, yay turizmi ilə yanaşı, qış turizminin də inkişaf etdirildiyini, Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi dünya standartlarına cavab verən turizm mərkəzlərinin yaradıldığını söyləyib, turizm təhsili sahəsində həyata keçirilən işlər və Azərbaycan Turizm və Menecment Universiteti haqqında məlumat verib.
   Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turistlərin sayının son statistikasına dair məlumatlarını açıqlayıb, bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min turistin gəldiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəyə gələn turistlər üçün qaydaların asanlaşdırılması məqsədilə elektron “ASAN Viza” sisteminin yaradılması barədə də məlumat verilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin turizmin inkişafına təkan verdiyi vurğulanıb.
   Həmçinin son 3 ildə özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlərdən danışılıb. Özbək turizm ekspertləri Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunması ilə bağlı təkliflər səsləndiriblər.
   Tədbirdə AMM-in ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlarına dair hazırladığı xüsusi videomaterial nümayiş etdirilib.