Oktyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında “Nə hərb, nə sülh” adlı sərgi açılacaq.
   Sərgi Azərbaycan rəssamlarının Qarabağ mövzusuna baxışını əks etdirir. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. 
   Fotoqraf Sitarə İbrahimova "Donmuş münaqişə", "Qarabağda itkin düşənlər", "Kənar" və "Veteran" adlı silsilə fotolarında müharibənin izləri ilə həyatlarına davam edən və hələ də müharibə şəraitində yaşayan insanları əks etdirir.
   Elnur Babayevin "Qaçqınlar", İlkin Hüseynovun "Müharibənin dumanı" foto silsilələri yurd-yuvasından didərgin düşmüş, cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.