“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində yazıçı və şairlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər ediblər.
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, “Azərbaycan Yazarlar Klubu”nun sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi və başqalarından ibarət nümayəndə heyəti əvvəlcə düşməndən azad edilmiş Cocuq Mərcanlı kəndində olub. Sonra 2016-cı il Aprel döyüşləri şəhidlərinin memorial abidəsini ziyarət edib, kənd məktəbinə, eləcə də kənddə Şuşa məscidinin oxşarı olaraq inşa edilən dini ocağa baş çəkiblər.
   Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kənddə aparılan quruculuq işlərindən danışıb. 
   Sonra qonaqlar Horadizə gediblər. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda görülən işlərdən bəhs edib.
   Yazıçı-dramaturq Elçin Hüseynbəyli “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi, cəbhə bölgələrinə səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, silahla qələm bir yerdə olarsa, xalqımız və ordumuz daha güclü olar.
   Xalq yazıçısı Anar qeyd edib ki, Cocuq Mərcanlıya qayıdış tarixi hadisədir. Azərbaycan məkrli düşmənlə üz-üzədir və daim ayıq-sayıq olmalıdır. Yazıçılar Cocuq Mərcanlıda və Horadizdə görülən abadlıq işlərindən fərəh hissi keçirirlər.
   Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər.
   Tədbirin sonunda yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqqında kitablar və disklər, eləcə də öz kitablarını hədiyyə ediblər.