Kino tariximizdən
         
   Dünya kinosu, o cümlədən Azərbaycan kinosu yarananda ilk dəfə xronikal kinosüjetlər çəkilmiş, ötən illər ərzində kino sənətinin sənədli kino növü xeyli inkişaf etmiş, tamaşaçılar arasında həmişə populyar olmuşdur. Təsadüfi deyil ki, sənədli filmləri dünyaya açılan pəncərə və yaxud həyatın güzgüsü adlandırırlar.
   
   Azərbaycan sovetləşəndən sonra da kinomuzun əsasını sənədli xronika təşkil etmişdir. Bəs sovet Azərbaycanında ilk xronikal lentləri çəkənlər kimlər idi? Yerli operatorlarımız olmadığı üçün onların hamısı gəlmələr idi: Kosiçkin, Yermolov, Jelyabujski və başqaları.
   Sovetləşmənin ilk vaxtlarından başlayaraq kino işçiləri respublikanın həyatı ilə bağlı, bolşeviklərin təbliğat işində əhəmiyyət kəsb edə biləcək hadisələri lentə köçürürdülər. Bu məsələ ilə bağlı sovet dövlətinin başçısı V.Leninin verdiyi sərəncamdakı fikirlərə diqqət yetirin: “Kəndlərdə və Şərqdə kinoteatrların təşkilinə xüsusi diqqət yetirmək lazımdır. Bu yerlərdə kino yenilikdir, ona görə də bizim təbliğatımız oralarda xüsusilə uğurlu olacaqdır”.
   Təbliğat həqiqətən öz işini görürdü. Azərbaycanda da I Dövlət Kinofabriki fəaliyyətini sahmana salandan sonra sənədli filmlərin istehsalı xeyli artdı. 20-30-cu illərdə Azərbaycan sənədli kinosunda əsasən informasiya, reportaj xronikası geniş yayılmışdı.
   Bərəkətli Azərbaycan torpağında hər zaman yadelli qüvvələrin gözü olub. Onlar əlləri sərvətlərimizə çatmayanda işğal yolu ilə onu ələ keçirməyə çalışmışlar. 1920-ci il aprelin 28-də də xalqımızın taleyinə belə acı gün yazıldı. Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu. Operatorlardan Rostomyan, Kosiçkin və Jelyabuyski həmin günü və işğalçıları lentə alıb bizim üçün “yadigar”qoydular. Onların adlarını və sifətlərini yaddan çıxartmayın: Mikoyan, Orconikidze, Kirov. Sonralar bu “rəhbərlər” onlara mane olduğu üçün Nəriman Nərimanovu zəhərləyib öldürəcək, torpaqlarımızın bir hissəsini zorla əlimizdən alıb Ermənistana verəcək, Bakını Azərbaycandan ayırıb SSRİ-nin müstəqil beynəlmiləl şəhərinə çevirmək, Böyük Vətən müharibəsi illərində xalqımızı kütləvi şəkildə Qazaxıstanın çöllərinə köçürmək istəyəcəklər.
   Bakı neftinin qoxusu sovet imperiyasının digər rəhbərlərini də çəkib bu yerlərə gətirirdi. “Kalininin Bakıya səfəri”, “Trotskinin Bakıya səfəri”, “Bakıda Frunze tərəfindən Qırmızı Ordu hissələrinin yoxlanılması”, “Rəhbərlərin Bakıya səfəri”, “İnqilab tribunu”, “Klim Voroşilov Bakıda”, “Yüksək mükafat”, “S.M.Kirova abidə özülünün qoyulması” protokol-informasiya filmlərində bu məsələ qabarıq şəkildə öz əksini tapmışdır.
   Rejissor-operator Vladimir Yeremeyevin çəkdiyi “S.M.Kirova abidə özülünün qoyulması” xronikal-sənədli filmi sovet dövründə ekranlarda tez-tez nümayiş etdirilirdi. Dağüstü parkda, indiki Şəhidlər xiyabanında “alovlu tribun”a ucaldılacaq abidənin özülü qoyularkən bu təntənəli hadisə kommunist partiyasına, Kirovun şəxsində böyük “qardaş” olan rus xalqına Azərbaycan xalqının məhəbbətinin ifadəsi kimi qələmə verilirdi. Halbuki milyonlarla insan Dağüstü parkda Kirovun yox, Koroğlunun və ya Babəkin abidəsini görməyi daha çox istərdi.
   Atalar yaxşı deyib: özgə atına minən tez düşər. Az qala Bakının embleminə çevrilmiş bu heykəl 60 ildən sonra uçurulub yerə salındı. Kinematoqrafçılarımız bu hadisəyə “Sürüşmə” adlı bir sənədli film də həsr etdilər.
   Qayıdaq 20-ci illərə. 1925-ci ildə kinofabrikin bazası bir qədər möhkəmləndirildikdən sonra respublikada müxtəlif növ və janrda filmlərin istehsalı genişləndirildi. Həmin ildən informasiya filmlərinin sayı get-gedə artmağa başladı. O dövrdə neft mədənlərində təhlükəsizlik texnikası qaydalarına lazımi səviyyədə riayət olunmadığına görə tez-tez yanğınlar baş verirdi. Bununla əlaqədar studiyada reportaj janrında “Bibiheybətdə qaz fontanı yanğını” və “Suraxanıda qaz fontanı” filmləri çəkildi.
   Həmin illərdə hadisəli - reportaj manerasında da xronikal-sənədli filmlər istehsal olunurdu. Bakıda idmançıların, gənclərin paradından danışan “IX Beynəlxalq gənclər gününün bayram edilməsi”, “Bakıda tramvay yolunun salınması və yolun açılışı”, “Culfa - Bakı yolu”, “Dənizdə neft yanğını”, “Nəriman Nərimanovun dəfni”, “Cəfər Cabbarlının dəfni” bu qəbildən olan filmlərdir. 1926-cı ildə ilk dəfə Azərbaycanda I türkoloji qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə qərarlarından söhbət açan “I türkoloji qurultay” adlı sənədli film çəkilmişdir.
   Sonrakı illərdə Azərbaycan filmlərində mövzu rəngarəngliyinə daha çox diqqət yetirilmişdir. Məsələn, “Azərbaycanda kinopavilyonun açılışı”, “Uşaq baxımsızlığı ilə mübarizə”, “Bakı Soveti”, “Bizim əsas yolumuz”, “Balıqçılıq sənayesi”, “Mürsəlli daşqını”, ”Yaz səpini”, “Neft beşilliyinin bolşevikləri”, “Şərqə doğru” xronikal-sənədli filmləri bu baxımdan diqqəti cəlb edir.
   1923-cü ildə açılmış I Dövlət Kinofabrikində aparılan yenidənqurma işləri 1928-ci ildə başa çatdı. Həmin il aprelin 28-də kinopavilyonun açılışı oldu. Kino işçiləri üçün bu əlamətdar hadisədən sonra kinofabrikdə işlər bir qədər də genişləndi. Nəinki bədii, həm də sənədli filmlərin istehsalı üçün şərait yaxşılaşdı. Bundan sonra kinostudiyada filmlərin səsləndirilməsi üçün hazırlıq işləri aparılmağa başlandı. Səs kinoya yeni bədii-estetik keyfiyyət gətirdi.
   1931-ci ildə “Forum” kinoteatrında Cənubi Qafqazda ilk səsli kinoteatr açıldı. Leninqraddan dəvət olunmuş səs operatoru M.Murovun rəhbərliyi altında ilk sənədli səsli filmlərin istehsalına başlandı.
   “Raport veririk” və “Neft simfoniyası” sənədli filmlərində diktor mətnindən deyil, səs üçün musiqidən istifadə olunmuşdur. Filmlərə musiqini S.Paniyev yazmışdır. Ona görə də belə filmlərə səsli film demək doğru deyil. “Neft simfoniyası”nda neft mövzusu poetik aspektdə öz həllini tapmışdır. Musiqinin təntənəli sədaları altında neft fontan vurur, fəhlələr buruq qurur, neft ram edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə, onların bayramına həsr olunmuşdur.
   30-cu illərin əvvəllərində kinoya səsin gəlməsinə Sovet İttifaqının bütün kinostudiyalarında, o cümlədən Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. 1931-ci il yanvarın 1-dən səsli filmlər kinofabrikinin tikintisinə başlamaq qərara alınmışdı. Bu fabrik Sovet İttifaqında ən iri və ən güclü studiyalardan biri olmalı idi. Maliyyə çətinlikləri “Azərkino”ya planı bütünlüklə yerinə yetirməyə imkan vermədi. Ona görə də səsli filmlərin istehsalı bir neçə il gecikdirildi. İlk bədii səsli film - “Mavi dənizin sahilində” 1935-ci ildə yaradıldı.
   Hələlik isə 30-cu illərdə istehsal olunmuş sənədli filmlər haqqında söhbətimizə qayıdaq. Bu dövrdə çəkilən filmlər öz mövzusuna və qaldırılan problemlərin müasirliyinə görə diqqəti cəlb edir.
   “Qurban bayramı” kinooçerki İslam dininin ən əziz mərasimlərindən birinə - Qurban bayramına həsr olunmuşdur. Çox təəssüf ki, sonralar sovet hökuməti dinlərə qarşı mübarizə apardığına görə bu film məhv edildi.
   “Şərqə doğru” tammetrajlı sənədli filmi əslində Azərbaycan haqqında poemadır. Filmdə sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açılır. Bundan fərqli olaraq “Azərbaycan” kinooçerki respublikanın tarixindən, keçmişindən və bu günündən, onun təbii gözəlliklərindən, müxtəlif sahələrdə çalışan əmək adamlarından danışır.
   Gənc rejissor S.Mərdanov hələ tələbə ikən “Köçərilər” adlı tammetrajlı sənədli film yaratmışdır. Lirik planda çəkilmiş bu filmdə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir olunmuşdur.
   20-30-cu illərdə, hətta 40-50-ci illərdə Bakıda traxoma xəstəliyi yayılmışdı. Bərk külək qalxanda toz-torpaq adamın sifətinə, gözlərinə dolurdu. Bu xəstəliklə bağlı rejissor M.Mikayılov “Traxoma” və “Gözlərinizi qoruyun” elmi-kütləvi filmlərini yaratmışdır. Sanitar-maarifçilik filmində traxomanın törətdiyi fəsadlardan, onunla mübarizə üsullarından bəhs edilir. Rejissor M.Mikayılovun lentə aldığı sonrakı xronikal-sənədli film “Cəfər Cabbarlının dəfni” adlanır. Film böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının dəfn mərasiminə və ümumxalq matəminə həsr edilmişdir.
   Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq “Şöhrətli Azərbaycan” filmində diktordan istifadə edilmişdir. 1935-ci ildə çəkilmiş bu sənədli film kinoalmanaxdır. Burada iki mövzu - neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Filmdə süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və məşhur pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətləri verilmişdir.
   “Türk qadınının baharı” adlı başqa bir filmi isə rejissor Seyfulla Bədəlov çəkmişdir. Film Azərbaycan qadınına həsr olunmuşdur. Kinolent bəstəkar Niyazinin sənədli kinoda ilk işi kimi də maraq doğurur.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar