Türk dünyasının məşhurlarından, musiqi dünyasının nəhənglərindən...
   
   ...Gözəl musiqi əsərlərini (məsələn, Üzeyir bəyin “Koroğlu”sundakı “Çənlibel” rəqsinin əvvəli) dinləyərkən bir neçə halətlə bahəm, “qədimi”lik nüansları duyğusu da keçirir və “görəsən, bu səs-səda haradan gəlir” sualları ilə də yüklənirəm...
   
   Neçə gündür haqqında yazmaq fikrinə düşdüyüm Səfiəddin Urməvi dünyası ilə tanış olduqca, dedim, ey dadi-bidad, -
   
   Sən demə; 
   
   o rübabların bir qismi elə bu rəhmətliyin dünyasından gəlirmiş... 
   Müasir şairlərimizdən birinin “ey daşlaşan, torpaqlaşan, bugünümdən dünənimə uzaqlaşan” - deyə, bir az da umu-küsü ilə xitab etdiyi sayagəlməz babalarımız içərisində gözəl xəttat, nəfis nəqqaş, Şərq dünyasının məşhur musiqiçisi, musiqi tarixçisi və nəzəriyyəçisi Səfiəddin Urməvi dünyasından... 
   Bizim adımıza “şair xalq” yapanlar arasında hərdən “nəğməkar”, “musiqisevər” təyinləri də eşidilir. “Səfiəddin Urməvi” adı eşidəndə isə ilk yada düşən element “Ud”dur.
   Elə bu üzdən də sözümün “bərdaşt”ını ona yönəlikdən başlayıram.
   Öncə, bir “rəvayəti”sindən: 
   Qədim zaman xaqanlarından biri atını elə bir “dəlicəsinə” sevirmiş ki, hələ eycahan-eygili günlərdə onun ölüm xəbərini gətirəsi şəxsin edam olunacağını bəyan edibmiş... 
   İllər ötür, at ölür və nəqd qurban tələb edən bu xəbəri Xaqana kimin çatdıracağı məsələsi müzakirə edilir. Saray musiqiçiləri sırasına yenicə qəbul edilmiş gənc bir udçu irəli çıxıb: “Mən...” - deyir. Məclis qurulur və o, Xaqan qarşısında ifaya başlayır. Anlar ötdükcə, kövrələ-kövrələ öz cisminə qısılıb bir top yumağa dönən zəhmli Xaqan sonda musiqiçiyə üz tutub deyir: “Sən elə çaldın ki, elə bil mənim atım ölüb...” Gənc ifaçı kirpiklərinin qırpımıyla onun bu müqəyyəd işarətini reallıq kimi təsdiqləyəndən sonra isə Xaqan əlavə edir: “Əgər belədirsə də, sən yaşa...” 
   Bir neçə kəlmə “tarixi”liyindən:
   Yəni, Səfiəddinin 1258-ci ildə Bağdadı tutan, Xəlifəni ailəsilə birlikdə edam edib, 600 illik ərəb xilafətinə son qoyan Hülaku xanın (Çingiz xanın nəvəsi) qəzəbindən necə qurtulması əfsanə yox, onu şəxsən tanımış tarixçilərdən H.Ərbələnin qələm-kağız reallığındandır: “Səfiəddinin yaşadığı məhəllə xanın qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi altında idi. Sərkərdələrdən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə dəvət etdi. Dəstə başçısı isə onu da götürdüb, Hülaku xanın hüzuruna getdilər. Sonra öyrəndik ki, Səfiəddin orada bir qədər danışdıqdan sonra udunu kökləyib çalır, Ziya adlı müğənni isə oxumağa başlayır. Hamı onun sənət ustalığına və ağlına əhsən deyir və xan ona öz sarayında iş təklif edir. Beləliklə, məhəllə camaatı da təhlükədən qurtardı...”
   Az sonra Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni Səfiəddini öz himayəsi altına alır, oğlanlarının tərbiyəsini ona həvalə edir. 
   Bir az da “poetik”liyindən:
   Səslərinin hər telinə ayrıca-sayrıca duyğular - sevgi-kədərlər, həsrət-qürbətlər, hikmət-nəsihətlər... yüklənmiş, “səslənən möcüzə”, “hər ud bir şairdir” kimi obrazlar işlədilmiş bu musiqi aləti barəsində beş min ildən çoxdu danışılır, yazılır. Hələ bənzədildiklərindən biri də (heyrani bir acıqla) “qupquru ağac qolu” olan bu dilsiz “şair”in ulu Füzuliyə əsəri(!): “Bir ud sədası bu zaman qalxdı həvayə, Yandım, tütünüm çıxdı mənim övci-səmayə...”
   Və... bu sənət ilə sənətkarın tərcümeyi-halları qovuşuğunda -
   
   “Elmilik”lərindən;
   
   Bəri başdan deyək ki, sənətşünasların qənaətinə görə, dünyanın heç bir yerində bu çalğı alətilə bağlı Azərbaycandakı qədər arxeoloji tapıntı yoxdur və bu, onun məhz bizim xalqa aidlik iddiamızı “ana südü kimi halal”laşdırır.
   Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində (1216-cı ildə) anadan olmuş, Şərq dünyasının ünlü musiqiçi-musiqişünaslarından sayılan Səfiəddin Urməvi ibtidai təhsilini öz vətənində aldıqdan sonra Ərəb Xilafətinin paytaxtına - Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi Bağdada gələrək, dövrün ən yaxşı universitetlərindən sayılan “Müstənsəriyyə”də təhsilini davam etdirmiş, fəlsəfə, məntiq, tibb, riyaziyyat, astronomiya elmləri və “dillərin əsasları” ilə tanış olmuş, dövrün kamil xəttatı kimi tanınmışdır. 
   Musiqi sənətini həyat və yaradıcılıq amalı kimi seçmiş Səfiəddin tezliklə məşhurlaşır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddət sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur, istedadlı pedaqoq, “bir çox görkəmli şəxsiyyətlərin müəllimi” (Ə.Marağayi), gözəl bəstəkar kimi tanınır. 
   Barəsində “qırx gün susuz qalmış bir dəvəni arxa baxmaqdan eləyib ağladan”, “bağda susmuş bir bülbülü oxumağa və qanadlarını çalğı havasına uyğun çırpındıraraq məclisə gətirdən” udçalan kimi əfsanələr yaranmış Səfiəddin həm də iki musiqi aləti yaradıb: nüzhə və müğni. Mütəxəssislərin təsviratına görə, müasir arfa və kanona bənzəyən nüzhənin 81, rübabı xatırladan müğninin 33 simi varmış. 
   Daha bir neçə elmi fakt: XIX əsrin sonlarına qədər Şərqdə Urməvi sistemindən geniş istifadə olunmuşdur. Avropanın iki məşhur musiqişünası (R.Erlanju və C.Farmer) bir-birindən xəbərsiz - Urməvinin bir rübai üzərindəki not yazısını müasir not yazısına köçürə bilmiş və... “qəflətən” “yeddi yüz ildən bəri susan ilahi melodiyalar yenidən səslənmişdir!”. 
   Böyük ingilis alimi Ç.Parri Səfiəddinin “musiqi cədvəli”ni o vaxta qədər yaranmış cədvəllərin ən mükəmməli hesab etmiş, parlayan ulduza bənzətdiyi ulu soydaşımızı “Sistemçilik məktəbi”nin banisi adlandırmışdır. 
   Yeddi yüzil sonra isə onun şərəfli sələfi Üzeyir bəy Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında yazmışdır: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Əbdülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağayi (XIV əsr)”.
   
   Ovaxtlardan-buvaxtlara -
   
   Şərqin-Qərbin bir sıra musiqişünas-alimləri də Urməvinin “Kitab əl-Ədvar" və “Şərəfiyyə” risalələrindəki çox qiymətli ənənələrindən bəhrələnməkdə, C.Farmerin qənaətinə görə isə: “Səfiəddindən sonra gələn bütün ərəb, fars və türkdilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçılarıdır”. Bu orta əsr alim-sənətkarının unikal elmi əsərləri bu gün də yaşayır və dünyanın bir sıra (Nyu-York, Paris, Berlin, Vyana, Qahirə, İstanbul, Sankt-Peterburq, Tehran və s.) kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır.
   S.Urməvinin əsərləri Şərq musiqi nəzəriyyəsi elminin inkişafında yeni dövr hesab edilir; bu orta əsr fenomeninin əsas nailiyyəti ümumən Şərqin səs sisteminin qaydaya salınmasından ibarətdir. Bu “sistem”in əsasını təşkil edən on yeddi pilləli qamma həmkarlarının (məsələn, əl-Kindi və əl-Fərabinin 12 və 22 tonlu xromatik qammalarından) çox fərqlənir. Urməvi Şərq musiqisinin 12 muğam dairəsi və 6 avazının səs qatarını diatonik qammalar çərçivəsində vermişdir. 
   Sonralar, bu azman istedadın elm-sənət özülləri üzərində ucalmış böyük isimlərdən Qütbəddin Şirazi, Əbdülqadir Marağayi, Əbdürrəhman Cami və başqaları onun yaratdığı sistemi açan maraqlı əsərlər yazdılar. Əsərlərindən ikisi XV əsrdə Şükrullah Əhmədoğlu tərəfindən türkcəyə çevirilincə... öz coğrafiyamızda da tanınmağa, fransızcaya tərcümə edildikdən sonra isə bütün dünyada məşhurlaşmağa başladı...
   
   Və...
   
   Yuxarıda bəhs etdiyim (Hülaku xanla bağlı) bir epizodu xatırlayın. Belə ki, həmin sarayda onu öz başarılarına binaən hamiliyə götürən vəzir hökmdarın nəzərindən düşdükdən sonra yoxsulluq içində ömür sürən Səfiəddin 1294-cü ildə Bağdaddakı “Borclular həbsxanası”nda dünyasını dəyişir...
   
   Tahir Abbaslı