21-27 oktyabr tarixində Türkiyənin Antalya şəhərində 54-cü Beynəlxalq film festivalı keçiriləcək. Festivalın müsabiqə proqramında 13 ölkənin (Meksika, Fransa, Çin, İran, Gürcüstan və s.) filmləri göstəriləcək.
   Kino proqramı bosniyalı rejissor Aida Begiçin “Buraxma məni” filmi ilə başlayacaq. Kann festivalının mükafatçısı olan rejissorun yeni filmi suriyalı qaçqın uşaqlar haqqındadır. 
   Bosniya-Herseqovina müharibəsini yaşamış bir rejissor olaraq suriyalı qaçqın uşaqların vəziyyətini daha yaxşı anladığını qeyd edən Aida Begiç filmi də bu duyğularla çəkdiyini bildirib: “Film uşaqların dünyasını və gələcəyə baxışını əks etdirir. Onu da qeyd edim ki, filmdə izlədiyiniz bütün səhnələr uşaqların gerçək həyatından götürülüb. Buna görə də bu film sadəcə dram deyil, ümid və sevginin uşaqlar tərəfindən necə cücərdiyindən bəhs edir. Məncə, qaçqınlara qarşı qərəzli olanlar bu filmlə fərqli duyğular hiss edəcəklər”.
   Qeyd edək ki, İsa, Əhməd və Mümtaz adlı üç suriyalı yetim uşağın həyat hekayəsindən bəhs edən filmdə baş rol oyunçuları da daxil bütün uşaqlar qaçqın düşərgəsindən seçiliblər.
   54-cü Antalya film festivalının yekununda “Ən yaxşı film” (50 min avro mükafat), “Ən yaxşı rejissor”, “Ən yaxşı qadın oyunçu”, “Ən yaxşı kişi oyunçu” (hər biri 25 min avro) - ümumilikdə yeddi kateqoriyada mükafatlar təqdim ediləcək.
   
   Rafiq Vəliyev