Fransanın Kolmar şəhərində “Mandoline et Guitar colmariennes” assosiasiyasının təşkilatçılığı ilə konsert keçirilib.
   Konsertdə azərbaycanlı bəstəkar və müğənni İlahə Ahui maestro Niyazinin “Arzu”, Tofiq Quliyevin “Arzular”, “Sevgilim” və Frans Şubertin “Ave Maria” mahnılarını ifa edib.
   Kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfinə gedib. 1999-cu ildə Fransaya köçüb. 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal ixtisasına daxil olub. Yerli xor qruplarına dirijorluq edib, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirib. Hazırda azərbaycanlı dirijor və müğənni iki xor qrupu və bir orkestrə rəhbərlik edir.
   İlahə Ahui 2018-ci ildə Kolmar şəhərində keçiriləcək Klassik Musiqi Festivalında Azərbaycan bəstəkarlarının musiqilərini səsləndirəcək.