Neyləyəsən ki, olmayanda olmur!.. Sevgi torpağa səpilən toxum kimidir. Bu toxuma «yağdı yağış, bitdi qamış» prinsipi ilə yanaşmaq olmaz. Onun cücərməsi, böyüməsi həm də ona çəkilən zəhmətdən asılıdır. Təəssüf ki, bunu Ona - çox gənc ikən evinin qadını, balalarının anası, səhərdən axşamadək pul qazanan kişinin arvadı olmaqdan bezən, bər-bəzəyi ilə forslanmaqdan usanan Qadına deyən olmadı!.. Özü anlayanda isə artıq gec idi. Ərinin etibarını yerə vurması, ailəsinin adına ləkə yaxması, el qınağı nədir, heç övlad sevgisi də onu özünə açdığı cinayətdən çəkindirə bilmədi... 
   
   Söhbət yazıçı-dramaturq Tamara Vəliyevanın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Cəza” əsərindən gedir. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi monotamaşada Əməkdar artist Kəmalə Hüseynova çıxış edir. 
   
   Monotamaşa bir nəfərin hansısa əhvalatı təkbaşına, həm də şəxsi mövqeyindən çatdırmasıdır. Qarşımızda bir həqiqət, bir aktyorun teatrı var. «Cəza»nın qəhrəmanı cavan qadındır. Sevginin nə olduğunu duymadan, dərk etmədən, əsrlərlə nəsildən-nəslə keçən «yaxşı qismət» ənənəsi ilə gənc bir oğlana ərə verilən yaraşıqlı Qız. Böyükləri hesab ediblər ki, qoy bəxtinə sevinsin, şadlığına şitlik eləməsin, onsuz da üzüyü barmağına taxan kimi ürəyində məhəbbət yaranacaq! Elə oğlan tərəfi də əmin imiş ki, yaraşıqlı, iş-güc sahibi, evi, maşını olan gənc pal-paltarla, qır-qızılla onun könlünü alacaq, əbədi sevgisini qazanacaq! «Gözü açılmamış qız»ın sevgisini qazanmaq nə çətin işdi ki? Yeməyini bol elə, evini, əyin-başını qonşu bağrı çatladan tərzdə bəzə, başını da uşaqlarla qat, bəsidir: özünü sevən və sevilən qadın zənn edəcək!..
   
   «Cəza»nın qəhrəmanının həyatı beləcə davam edirmiş. Amma bir gün paltarlarını göstərmək, evdən çıxmaq xətrinə düzəldiyi iş yerində bir nəfər ona aşiq olunca, hər şey dəyişir! Əsl sevgiyə rast gəlmədiyindən onu ya maddi sərvət, ya da şəhvət olaraq görən Qadının həyat faciəsi başlayır. 
   Əslində əsas cizgilərini cızdığımız bu əhvalat son illər cəmiyyətimiz üçün adiləşib. Ay yoxdur ki, elektron portallarda, telekanallardakı tok-şoularda gənc ailələrin dağılması müzakirə olunmasın. Elə tamaşanın yaradıcıları - müəllif, rejissor və ifaçı «Cəza» ilə bunu deyir, həyəcan təbili çalırlar ki, olmaz! Sevgisiz ailə qurulmaz! Evinizdəki Qadına bəzəkli ev gözətçisi, uşaqlarınızın anasına onların dayəsi kimi baxmayın! Həyat yoldaşlığı hissini nikah şəhadətnaməsinə büküb qəlbinizdə basdırmayın! Qızlarınızı, oğlanlarınızı «sonra sevərsən» deyibən sevgisiz ailə qurmağa vadar etməyin. Çünki dünya da, dəyərlər də dəyişib, evli birisinin «sonradan kimi sevəcəyi» öncədən heç bəlli olmur! Bu, pisdirmi, yaxşıdırmı (əlbəttə, pisdir!) sualı, belə olmalıdır etirazı artıq başqa söhbətin mövzusudur! «Cəza» sadəcə, Qadının öz-özünə edə biləcəyi ən böyük cinayətinin qarşılığıdır. Müəllif mətnində konkret günahkar yoxdur, onun qəhrəmanı kimsəni ittiham etmir: nə onunla hesablaşmayan valideyni, nə arvadına özünü sevdirə bilməyən ərini, nə də onu başdan çıxarıb əylənən məşuqunu. Sadəcə, illər öncə başına gələnləri, bir də çəkdiyi iztirabın acısını paylaşır. 
   «Cəza»nın səhnə həlli də maraqlıdır. İlk epizodda Qadının içindən çıxdığı iri sandıq kiçik səhnədə bir qədər yöndəmsiz görünsə də, tamaşa boyu onu izləyir, əhvalat çözələndikcə anlayırsan ki, bu sandıq törətdiyi cinayətin onu «cəza evi»nə erkən aparacaq tabutun rəmzidir. Səhnənin bir küncündən sallanan yoğun kəndir də Qadının həyat hekayəsindəki məqamlara uyğun olaraq gah qucağında körpə silueti kimi topalanır, gah onu əyləndirən, uçuran yelləncəyə çevrilir, gah da ayaqlarına cidar olub müəyyən məsafədən artıq addım atmağa qoymur. 
   Aktrisa Kəmalə Hüseynova daxilindəki ehtirası, sənət yanğısını bu Qadına səxavətlə xərcləyir, təxminən saat yarım sürən iri templi, hətta aktrisadan müəyyən akrobatik hərəkətlər tələb edən oyunu boyunca nə yorulur, nə də mətnində çaşır. Biz Kəmalə xanımı istər teatrda, istərsə də teleseriallarda aktrisadan daha çox çılğınlıq tələb edən situasiyalarda az görməmişik. Amma Mehriban Ələkbərzadə aktrisanın güclü daxili enerjisini ehtiyatla nizamlayacaq mizanlar qura bildiyindən tamaşaçı sonadək istər plastika, istər mətn baxımından yüklənmiş ifaçının yorulduğunu hiss etmir. 
   
   «Cəza» kifayət qədər ağır həzm olunan, düşündürən, seyrçini öz təsiri altında saxlayan tamaşadır. Onu müasir qadınların taleyinə biganə qalmayan üç qadının - müəllifin, rejissorun və ifaçının monoloqu kimi də anlamaq olar. «Cəza»ya cinayətə sürüklənməmiş baxmaq lazımdır ki, edə biləcəyimiz cinayətdən uzaq olaq.
   
   Gülcahan Mirməmməd