“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Boris Şukin adına Teatr İnstitutu (Moskva) arasında bağlanmış müqaviləyə əsasən, ötən ildən 11 azərbaycanlı gənc bu tədris ocağında oxuyur. İnstitutun nəzdində yaradılan Azərbaycan studiyasında tələbələr 5 il müddətində teatr və kino aktyoru və teatr rejissoru ixtisasları üzrə sənətin sirlərinə daha dərindən yiyələnəcəklər.
   Bu günlərdə azərbaycanlı tələbələr aktyor sənətindən yoxlama imtahanı veriblər. İmtahan “Şukin metodu” üzrə açıq dərs şəklində təşkil olunub. Yoxlama dərsi üç hissədən ibarətdir: insanları müşahidə, sualtı heyvanları müşahidə və musiqi müşahidəsi. Musiqi müşahidəsi bölümündə aktyorlar özləri ifa etməyi bacarmalıdırlar. Bu bölümdə “Azərbaycanın səsi” musiqi yarışmasının iştirakçısı Rəmail Bayramlı uğurla çıxış edib. 
   Vüsal Mehrəliyev studiyanın ən təcrübəli tələbələrindən biridir. O, əvvəllər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Həm aktyor, həm də quruluşçu rejissor kimi özünü sınayıb. Rusiya telekanalına müsahibə verən aktyor bildirib ki, özünü yenidən sınamaq heç də çətin deyil, əksinə, çox vacibdir: “Hiss edirəm ki, burada təhsil aldığım müddətdə peşəkarlıq səviyyəm daha da yüksəlir. Tamam fərqli, geniş və daha dolğun təcrübə qazanırıq”. 
   Studiyanın daha bir tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Fidan Məmmədova vurğulayıb ki, sənətin universal dili insanları bir-birinə yaxınlaşdırır: “İnsanlar dili bilməsələr də, hislər və duyğularla sevgini bölüşmək olar. Studiyada rus tələbələr də təhsil alır. Onlar Azərbaycan kursuna düşmələrindən heç də narazı deyillər. Bildirirlər ki, bu mehriban dostluq sənət adamlarımızı yaxından tanımağımıza imkan yaradır”. 
   Studiyanın rəhbəri, institutun Rejissorluq kafedrasının müdiri, Rusiyanın Xalq artisti, professor Mixail Borisov tələbələri haqqında xoş fikirlər səsləndirib. Azərbaycan studiyasını beynəlmiləl kollektiv adlandıran professor tələbələrin hamısının Bakını çox sevdiyini xüsusi vurğulayıb: “Ola bilsin ki, təhsili başa vurduqdan sonra bütün kollektiv məhz Azərbaycan teatrlarında işləməyi seçsin. Kursun adı və buradakı azərbaycanlı tələbələrin isti münasibəti digər xalqların nümayəndələri olan tələbələrdə Bakı və Azərbaycana sonsuz sevgi yaradıb. Qarşıda isə uşaqları böyük əmək və məsuliyyət gözləyir”.
   
   Lalə Azəri