Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi. 
   Gecədə Mobil Babayevin yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, bəstəkarın əsərlərindən ibarət musiqi çələngi müəllifin sənətsevərlərlə görüşü və onlara hədiyyəsidir.
   Qeyd olundu ki, bəstəkar həm simfonik, həm də mahnı janrında maraqlı əsərləri ilə musiqisevərlərin qəlbini fəth edib. O, uzun müddət C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. 40-dan artıq filmə musiqi bəstələyib. Bəstəkarın 20 Yanvar hadisələrinə həsr olunmuş “Ağlama, torpağım, ağlama” adlı xor və orkestr üçün 3 hissəli kantatası, 3 hissəli “İnsan” oratoriyası, xor və digər simfonik əsərləri yaradıcılığının parlaq nümunələridir. Onun mahnıları isə həmişə dillər əzbəri olub. 
   Daha sonra konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı (bədii rəhbər Xalq artisti Ənvər Sadıqov) və bəstəkarın özünün səhnədə müşayiəti ilə mahnıları səsləndirildi. Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Lalə Məmmədova, İlkin Əhmədov, Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov və “Sevil“ vokal kvarteti çıxış etdi. 
   Mobil Babayevin sevilən musiqiləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   
   Lalə Azəri