7-10 oktyabr tarixində Sankt-Peterburq şəhərində “İstedadlar salyutu” VII Beynəlxalq yaradıcılıq festivalının yekun mərhələsi - superfinalı keçirilib.
   Azərbaycan Milli Konservatoriyasının tar ixtisası üzrə III kurs tələbəsi Orxan Zeynalov mart-aprel aylarında Tbilisidə baş tutan festivalda I yeri tutaraq superfinala vəsiqə qazanmışdı.
   Orxan finalda ona ayrılmış 4 dəqiqə vaxt ərzində S.Rüstəmov və T.Quliyevin “Qaytağı” əsərlərini professional səviyyədə ifa edərək I yerə layiq görülüb. O həmçinin 45 ölkədən 850 nəfər iştirakçı içərisindən qala-konsertə vəsiqə qazanan 25 ifaçı arasında yer alıb.
   Orxan qala-konsertdə göstərdiyi professional ifaçılıq və artistizmə görə xüsusi diplomla təltif edilib. Həmçinin AMK-nın Xalq çalğı alətləri kafedrasının konsertmeysteri Nərmin İsgəndərova professional müşayiətə görə diplomla təltif olunub.
   Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə və Orxanın müəllimi, AMK-nın dosenti, Əməkdar müəllim Yusif Vəliyevə münsiflər tərəfindən “Təşəkkürnamə” göndərilib.