Azərbaycanın 150 nəfərlik heyətində yaradıcı gəncliyin nümayəndələri də var
   
   Oktyabrın 14-dən 22-dək Rusiya Federasiyasının Soçi şəhərində keçiriləcək Tələbə və Gənclərin XIX Dünya Festivalında Azərbaycan da təmsil olunacaq. Gənclər və İdman Nazirliyindən aldığımız məlumata əsasən, festivala 150 nəfərlik heyət yollanacaq. 
   Tələbə və gənclərin ilk festivalının (1947, Praqa) 70 illik yubileyinə həsr olunmuş mötəbər festivalda dünyanın 150-dən çox ölkəsindən 18-35 yaşlı 20 min nəfərdən çox gəncin iştirak edəcəyi gözlənilir. Azərbaycan nümayəndə heyətinin tərkibində yaradıcı gəncliyimizin də nümayəndələri var. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları Yeganə Hüseynli, Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov və Teymur Rəhimov teatrımızı, gənc rejissorlar, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Məzahir Həşimov, Amil Məmiyev və Ayşad Səfərəliyev isə kinomuzu təmsil edəcəklər. Azərbaycanın musiqiçi gəncliyi isə Ziba Rəcəbli, Ceyla Seyidova, Aida Ramazanova, Nəriman Əmiraslanov, Nailə İsmatulina, Valeriya Hüseynzadə, Mahir Tağızadə, Rolan Seyidov, Kənan Qədimov, İbrahim Babayev və Nicat Məsimovun simasında bu festivalda iştirak edəcək. Yaradıcı gənclərin siyahısına Şən və Hazırcavablar Klubunun üzvləri Cavid Şahbazbəyov və Tural Həsənli, DJ Fariz Rəcəbov da daxildir. 
   Festivalın proqramı çox zəngindir və Soçidən başqa Rusiyanın digər regionlarını da əhatə edəcək. Gənclər «Mədəniyyət və qloballaşma», «Qlobal iqtisadiyyat», «Biliklərin iqtisadiyyatı», «İctimai qurumların inkişafı», «Siyasət və beynəlxalq təhlükəsizlik» kimi əsas tədbirlərdə iştirak edərək, fikir mübadiləsi aparacaq, klassik və milli musiqidən ibarət konsert proqramlarında çıxış edəcəklər. 
   Festivalın əsas məqsədi dünya gəncliyini sülh, həmrəylik və sosial ədalət ideyaları ətrafında birləşdirmək, gənclərin beynəlxalq əlaqələrini möhkəmləndirmək, həmçinin gənclərin millətlərarası və mədəniyyətlərarası qarşılıqlı fəaliyyətini inkişaf etdirməkdir.
   Tələbə və gənclərin dünya festivalı 1959-cu ilədək iki ildən bir, sonralar isə 4,5, 6 ildən bir təşkil olunub. 1957 və 1985-ci illərdə beynəlxalq tədbirə Moskva ev sahibliyi edib. Festival bundan əvvəl 2013-cü ildə Perunun paytaxtı Kitoda keçirilib.
   
   G.Mirməmməd