Təbriz beynəlxalq mükafatı qaliblərinin albomunda Azərbaycan nümayəndələrinə də yer verilib
   
   İstanbulda İRCICA (İslam mədəniyyəti, tarixi və incəsənətinin tədqiqat mərkəzi) tərəfindən nəşr edilən “Sənətkarlıqda innovasiya və yaradıcılıq üzrə Təbriz Beynəlxalq mükafatının qalibləri” adlı kitab-albom işıq üzü görüb. 
   Nəşr 2015-ci ildə Təbriz İncəsənət Universiteti ilə birgə Təbrizdə təşkil edilmiş eyniadlı beynəlxalq tədbirə həsr olunub. Alboma dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycan nümayəndələri - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları İranə İbrahimova və Sultan Sultanov haqqında məlumat və fotoşəkillər də daxil edilib. 
   Mərkəzin baş mühafizi İranə İbrahimova beynəlxalq tədbirdə məruzə ilə çıxış edib, bərpaçı-rəssam Sultan Sultanov isə sənətkarlıq müsabiqəsi sərgisində zərgərlik üzrə ustad dərsi keçib və hər iki nümayəndə kubok və xüsusi diplomlarla təltif olunub.