İsa Həbibbəyli: “2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” qüsurludur”
   
   Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilib.
   Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycanda indiyədək altı orfoqrafiya lüğəti hazırlanıb. Lakin müstəqillik dövrü orfoqrafiya qaydalarına yenidən baxmağı tələb edir. Bildirilib ki, 2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə lüzumsuz sözlər daxil edildiyindən qüsurludur. Hazırda yeni orfoqrafiya qaydaları hazırlanır və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək. Akademik eyni zamanda, orfoepiya lüğətində də boşluqların olduğunu diqqətə çatdırıb.
   Vurğulanıb ki, qloballaşma şəraiti dillərə, ədəbiyyatlara və mədəniyyətlərə ciddi təsir göstərir. Qloballaşan dünya bizdən ana dilimizin saflığının qorunmasını tələb edir. AMEA-nın vitse-prezidenti dilçi alimləri mətbuatda ana dilimizin saflığının qorunması ilə bağlı məqalələrlə çıxış etməyə çağırıb.
   Dilçilik İnstitutunun apardığı monitorinqlərdən danışan İ.Həbibbəyli deyib ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər. Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də dilimizə sözlər daxil olur. Ancaq o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dialektlərdə işlənən sözlər, eləcə də arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir.
   AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz - milli varlığımızdır” mövzusunda keçirilən müsabiqə haqqında tədbir iştirakçılarına məlumat verib. 
   Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Ana dilinin saflığını qorumaq vətəndaşlıq borcudur” mövzusunda məruzəsi dinlənilib. 
   Qeyd edilib ki, televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə pozuntuların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, “qaynar xətt” fəaliyyətə başlayıb.
   Konfransda filologiya elmləri doktoru, professor Sayalı Sadıqova müasir dövrdə terminologiya və söz yaradıcılığından, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli yeni orfoqrafiya lüğətinin tərtibi prinsiplərindən, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Dilçilik İnstitutunun Monitorinq şöbəsinin fəaliyyətindən danışıblar. Filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Azərbaycan dilinin orfoepiya lüğətinin tərtibi prinsipləri” mövzusunda məruzə edib.