Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrlərini araşdıraraq maraqlı nəticələrə gəlib. 
   Onun fikrincə, “Azərbaycan dili” anlayışının kökündə və ya mənşəyində “türk dili” anlayışı dayanır. Bu anlayışın tarixi türk etnosunun yarandığı e.ə. III minillikdən hesablansa da, “türk dili” adı ilk dəfə sistemli şəkildə XI yüzildə Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində işlənib: “İlk orta əsrlərdən yeni dövrün başlanğıcına kimi “türk dili” anlayışı ya vahid bir dilin, ya da onun bir-birindən çox da fərqlənməyən müxtəlif coğrafi, ləhcə təzahürlərinin ümumi adını bildirib. Yeni dövrün başlanğıcından türk xalq ləhcələri arasındakı fərqlər dərinləşdiyindən XIX əsrin ortalarından türkoloji ədəbiyyatda türk dilləri ayrı-ayrı adlar ilə fərqləndiriliblər ki, bununla da “türk dilləri” anlayışı meydana çıxıb. XX əsrin başlanğıcında təşəkkül tapan türkçülük hərəkatı və nəzəriyyəsi türklərin birliyi, “ortaq türkcə” ideyasını irəli sürüb və “İstanbul ləhcəsi”ni ortaq türkcə olaraq müdafiə edib”.
   Araşdırmaçının sözlərinə görə, “qədim Azərbaycan dili” anlayışı barədə azərbaycanşünaslıqda müxtəlif fikirlər var ki, onları, əsasən, iki qrupa bölmək olar: “Qədim Azərbaycan dili” - İran mənşəli bir dildir; “Qədim Azərbaycan dili” - türk mənşəli bir dildir. Hər iki mövqeyin tərəfdarları son yüz ildə həm elmi, həm də ideoloji xarakterli bir sıra dəlillər gətiriblər: “Qədim Azərbaycan dili”nin İran və ya türk kökənli bir dil olduğunu hazırda elmə məlum faktlar əsasında söyləmək mümkün deyil. Fakt-gümanlar isə bu dilin “türkcə” olduğu barədə daha çox israr eləməyə imkan verir. Ancaq bu şərtlə ki, məsələyə ümumən türk dili tarixi və Altay nəzəriyyəsi kontekstində baxılsın”.
   Alimin qənaətincə, XIX əsrin sonu - XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışı daha çox “türk dili” formasında işlənsə də, başqa təzahürlərdən də istifadə edilir ki, bu da artıq təşəkkül tapmış müstəqil bir dili öz adı ilə adlandırmaq, qohum türk dillərindən fərqləndirməkdən irəli gəlir: “Həmin tendensiya özünü dövlət dilinin hətta rəsmi olaraq “türk dili” adlandığı həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də XX əsrin 20-30-cu illərində göstərir. 1930-cu illərin ortalarında Azərbaycan SSR-də xalqın dilinin “Azərbaycan dili” adlandırılması milli ictimai şüurda birmənalı qarşılanmayıb, bunu qanunauyğun sayanlarla yanaşı, xalqın tarixinə qarşı repressiya hesab edənlər də olub. Səbəb isə odur ki, həmin illərdə SSRİ-də həm türklüyə qarşı bölücü təzyiq son həddə çatıb, həm də “türk dili”ndən “Azərbaycan dili”nə keçid Moskvanın diqtəsilə həyata keçirilib”.
   A.Qəribli bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ərəfədə dövlətin “Azərbaycan” adlandırılmasına da etirazlar olmuşdu. Başqa yandan, bu adın normalaşması, eləcə də “Azərbaycan xalqı” etnoniminin təşəkkülü çoxmənalı “türk”, eləcə də “türk dili” anlayışının da ayrılmasını tələb edirdi: “Bu baxımdan “Azərbaycan dili” adı nə qədər mürəkkəb bir tarixi şəraitdə rəsmiləşdirilsə də, mahiyyətcə, özünü doğruldurdu. Ona görə ki, bu ideya Sovetlər Birliyi rəhbərlərinin təfəkkürünün məhsulu deyildi, hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının millətə, onun dilinə ayrıca ad axtarışlarının məhsulu kimi meydana çıxmışdı.
   Sovetlər Birliyi dağıldıqdan sonra ölkəmizdə varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları ilə yanaşı, dövlət dilinin adı “türk dili” qəbul edildi. 1995-ci ildə isə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən dilimizin adı məsələsinə ümumxalq səsverməsi yoluyla yenidən baxıldı, dövlət dilinin “Azərbaycan dili” olduğu təsdiq edildi. 
   
   S.Qaliboğlu