Oktyabrın 18-də Bakıda Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium işə başlayacaq. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən keçirilən beynəlxalq simpozium “Ənənə və innovasiyalar” mövzusuna həsr olunub. Sərəncamda simpioziumun təşkili Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək beynəlxalq simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır. 
   Simpoziumun açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Üç gün davam edəcək tədbirin zəngin proqramı var. 
   Beynəlxalq simpoziumun ilk günü Azərbaycan Xalça Muzeyində "Xalçalarda müasir incəsənət" və "Uçan xalça" sərgiləri açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Dizayn və rəng”, “Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri” mövzusunda iki akademik sessiya keçiriləcək.
   Axşam Azərbaycan Milli İncəsənət Muzeyində "İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları" adlı xüsusi sərginin açılışı olacaq. Sərgi Viktoriya və Albert Muzeyindən (London), Berlin İslam İncəsənəti Muzeyindən və Avropadakı şəxsi kolleksiyalardan olan nümunələrlə müqayisədə Azərbaycan Milli İncəsənət Muzeyinin unikal naxışlar kolleksiyasını bir daha diqqətə çatdırmaq məqsədilə təşkil edilib.
   Oktyabrın 19-da və 20-də Beynəlxalq Muğam Mərkəzində simpoziumun akademik sessiyaları davam edəcək. Həmçinin “Kolleksiyalar və toplama”, “Bərpa və qoruma”, “Xalçalar barədə söhbət” mövzularında üç seminar təşkil ediləcək. Simpoziumun bağlanış mərasimi oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.