UNESCO İcraiyyə Şurasının Parisdə keçirilən sessiyası çərçivəsində təşkilatın yeni baş direktorunun seçilməsi ilə bağlı səsvermə beşinci turda nəticə verib.
   Oktyabrın 13-də keçirilən sonuncu turda Fransanın sabiq mədəniyyət naziri Odri Azuley (Audrey Azoulay) təşkilatın növbəti dörd il müddətinə baş direktoru seçilib. 
   Seçkilərin sonuncu turunda UNESCO İcraiyyə Şurasında təmsil olunan 58 dövlətdən 30-u Fransanın namizədini dəstəkləyib. Onun Qətərdən olan rəqibi 28 səs alıb. Yeni baş direktor UNESCO-nun noyabr ayında keçiriləcək 39-cu Baş konfransında təsdiqlənəcək. 
   Odri Azuley 1972-ci ildə Parisdə mərakeşli yəhudi ailəsində doğulub. Fransa Milli Kino və Animasiya Mərkəzində çalışıb. 2014-cü ildə Prezident Fransua Ollandın müşaviri, 2016-cı ildə Fransanın mədəniyyət naziri olub.
   Təşkilatın tarixində ikinci dəfədir ki, Fransanın nümayəndəsi UNESCO-nun baş direktoru seçilir. Bundan öncə 1962-1974-cü illərdə Rene Mayo quruma rəhbərlik edib. Qeyd edək ki, o vaxt UNESCO-nun baş direktoru 6 il, sonralar 5 il müddətinə seçilirdi. 2009-cu ildən etibarən bu müddət 4 ilə endirilib. Təşkilatın hazırkı baş direktoru İrina Bokova (Bolqarıstan) bu vəzifəyə iki dəfə seçilib.