Türk dünyasından aşıqların iştirakı ilə konsert proqramı təqdim olundu
   
   Oktyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Türk dünyası - Qorqud Ata aşıqlar karvanı” adlı konsert proqramı təqdim olundu.
   Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyi (AAB), Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya Mədəniyyət, Sənət Dərnəyi və Türk Dünyası Qəzetçilər Federasiyasının birgə təşkilatçılığı ilə reallaşdı.
   Gecədə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək türk xalqlarının ortaq mədəniyyətindən, “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının folkloruna, ədəbiyyatına təsirindən danışdı: “Üzü Dədə Qorquddan bəri gələn aşıq sənətimiz bu gün inkişaf mərhələsinin zirvəsindədir. Bu konsert proqramı da bütün türk dünyasından olan aşıq sənətinin davamçılarının bir araya gəlməsinə xidmət edir. İnanıram ki, belə silsilə tədbirlərin keçirilməsi türk dünyasında mədəni əlaqələrin daha da güclənməsinə təkan verəcək”.
   Məhərrəm Qasımlı son dövrlərdə ədəbiyyatın, folklorun təbliğatçısı olan aşıqlarımızın müştərək tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. 
   Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxışında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrdən türk toplumlarını təmsil edən aşıqların eyni səhnəni bölüşməsinin aşıq sənətinin inkişafı baxımından böyük hadisə olduğunu vurğuladı. O, rəhbərlik etdiyi federasiyasının fəaliyyətindən və Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülən işlərdən söz açaraq bu konsertin türk xalqlarının folkloruna, aşıq sənətinə və bütünlükdə mədəniyyətinə bir töhfə olduğunu bildirdi.
   Daha sonra səhnə saz-söz ustalarına verildi. 
   Türkiyədən gəlmiş aşıqlar Bayram Dənizoğlu, Fərhat Karaca, Qırğızıstandan Qulira Kasimkulova, uyğur aşıq Farhat Bazakov, Azərbaycan aşıqlarından əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Əhliman Şirvanlı, həmçinin Altay Məmmədli, Nazim Quliyev, Gözəl Kəlbəcərli, Roman Azaflı, Əli Pənahoğlu, G.Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu və hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Marta Laurinin ifasında səslənən müxtəlif aşıq havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
   
   Fariz Hüseynov