Bir ailəni təsəvvür edin. Nənə - köhnə əyyamların xəyallarında, Ata - nisbi gələcəklə bağlı xəyalında, evin Qızı - hər kəsin onu təkcə fiziki qüsurlu vücudunu deyil, saf qəlbini də gördüyünə əmin, Böyük oğul - yalnız bu günlə yaşayan biri, Ortancıl - sabahı düşünüb bu gün böyük ailənin yükünü çəkən zəhmətkeş, Kiçik oğul - Nənənin uydurmalarına inandığı üçün gələcəyi qaranlıq görünən yeniyetmə. Bir də Ana var: hər kəsin arzusunu dinləyən, istəyini anlayan, əsəbiliyini lakmus kağızı kimi özünə çəkən fədakar insan, bütün ailə üzvlərinin nazı ilə oynayan, hamının qayğısına qalan qadın. 
   Əslində sosial problemlərlə üzləşdiyindən bu hala düşmüş belə ailələr az olmasa da, söhbət Sumqayıt Dövlət Dram Teatrının bu mövsümdəki ilk premyerasından - türk dramaturqu Turqut Özakmanın “Ocaq” pyesinin tamaşasından gedir... 
   Tamaşada bütün hadisələr mətbəxlə yemək otağının bir-birinə calandığı ümumi otaqda baş verir. Seyrçi bu otaqdan kənarda baş verən hadisələrdən yalnız iştirakçıların söhbətindən xəbər tutur. Təbii ki, səhnə quruluşu baxımından əvvəldən sonadək bütün olayları eyni məkanda çatdırmağın da öz fərqli cəhətləri var. Bu tamaşada da quruluşçu rejissor (Əməkdar artist Firudin Məhərrəmov) ilə quruluşçu rəssam (Mustafa Mustafayev) seyrçini yormamaq üçün şəkildən-şəklə keçidi işıqların sönməsi ilə həll ediblər. Məhz səhnədə işıq sönən zaman mətbəx köşəsində ocağın işığı sayrışır. Lakin səhnə işıqlanan kimi ocağın işığı sönür. Sanki bununla tamaşaçıya bir ismarış göndərilir ki, soyuğa düşən insan (axı, qaranlıq həm də soyuğun «sinonimidir») yanan ocaq axtarır ki, isinsin. Bu ocaq sənin doğmaların olan məkanda qalanıbsa, onun alovu-közü təkcə canını deyil, qəlbini də isidəcək!.. 
   “Ocaq”da müəllifin demək istədiyi əsas anlam - bir ailənin üzvlərinin pənah gətirdiyi, özünü xoşbəxt, güvənli sandığı məkan tamaşaçıya belə çatdırılır. 
   Ailənin üzvlərinin hamısı həyatından narazıdır. Nəvəsini qulluqçu zənn edən, bir zaman onu himayə etmiş paşanın sürgündən gələcəyini gözləyərək ahıl yaşa varmış Nənədən (Əməkdar artist Fəqanə Musayeva) başqa hər kəs yoxsulluqdan çıxış yolunu axtarır. Ata - Tarık (Əməkdar artist Rauf Ağakişiyev) yaxşı maşın ustası olsa da, öz emalatxanasında işləmək əvəzinə, boş yerdə biznes xəyalları qurur, iki ilə milyonçu olmaq üçün gücü çatmayan ideyalara bir ömür sərf etdiyinin fərqinə varmır. Hansısa məslək sahibi olmuş, savadlı böyük oğul Nihad (Əməkdar artist Cəlal Məmmədov) isə ailədəki heç bir problemi ciddiyə almaması ilə fərqlənir, yalnız özünü, həm də bu günü düşünür. Ailənin düşdüyü yoxsulluq və perspektivsizlikdən qurtuluşu evdən getməkdə görür. Hərçənd o, heç bunu da bacarmır. Elə hər söhbəti lağ-lağıya çevirməklə günü günə calayır. Onun həyata bu münasibəti təkcə öz xəyalları ilə yaşayan Nənənin ürəyincədir. Yəqin ona görə ki, Nənənin artıq bu həyatda təkbaşına görəcəyi bir iş qalmayıb. 
   Bu tamaşada ən qəliz obraz isə Fazil adlı ortancıl qardaşdır ki, bu rolu da Oqtay Mehdiyev məharətlə yaradır. Oqtay Mehdiyevin Fazili ailənin yükünü çəkməyə məcbur qalan, hamıdan çox işləməklə öz ailəsini darlıqdan qurtaracağını düşünən, öz gəncliyini maddi duruma qurban verdiyi üçün ailəsindəki hər kəsə acıqlı olan konkret zümrənin ümumiləşmiş obrazıdır. Aktyor Fazilin hikkəsini, əzablarını, hətta onun daxilindəki ziddiyyəti qabartmağı bacarır. Ümumiyyətlə, Fazil obrazı belə düşünülüb ki, ailədəki bütün həqiqət, digər obrazların daxili aləmi onun dili ilə açılır, o birilərin dilə gətirməyə çəkindiyi gerçəkliklər Fazilin dilindən təkcə səhnədəkilərin deyil, həm də salondakıların üzünə amansızcasına çırpılır. Fazilin ən çox incitdiyi, sıxışdırdığı adam isə bacısı Sevdadır (aktrisa Şəhla Məmmədova). Bu da səbəbsiz deyil. Sevda safqəlbli, üstəlik, bir qədər fiziki qüsurlu olmasına rəğmən, evdəki hər kəsin qulluğunda duran, anasının qayğılarını yüngülləşdirməyə çalışan mehriban qızdır. Nə qədər qəribə olsa da, onu səhv addımdan çəkindirməyə çalışan Fazil qızın səhv etməyinə şərait yaradır və sonradan... 
   Tamaşanın bütün məzmununu danışmaq niyyətində deyilik, amma Ana rolunun ifaçısı Xatirə Süleymanovanın və kiçik oğul - Özcan rolunda çıxış edən gənc aktyor Şəmistan Süleymanlının adlarını çəkmək lazımdır. Xatirə xanımın ifasında ailəsinin maddi və mənəvi durumundan üzgün Səfiyyənin sevgisi hünərindən qat-qat çox olan, çarəsizlik girdabına düşərkən kimə daha çox kömək etməli olduğunu bilməyən qadındırsa, Özcan qardaşlarından hansının yolu ilə getsə, daha uğurlu həyat quracağını kəsdirməyən, münasibətlərində gah nala, gah da mıxa vuran yeniyetmədir.
   “Ocaq”da bütün personajlar sanki psixoloq qəbuluna gəlmiş tamaşaçılardır: sadəcə, öz dərdlərini bölüşmək üçün salondan səhnəyə qalxıblar. 
   Əsər böyük mənəvi sarsıntı yaşamış ailənin yenidən birləşməsi ilə bitir. Bacarığını düzgün məcraya yönəldə bilməyən Tarıkın ailəsi yenidən onun qeyri-adi görünən bir ideyası ətrafında birləşir. İstehzalı sonluqdur, elə deyilmi? Bəlkə də... Amma bu yerdə bir müddət əvvəl Bakıda ADA Universitetində qonaq olmuş tanınmış amerikalı iş adamı Şervin Pişəvarın görüş zamanı söylədiyi fikir yada düşür: “Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etmələri, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”.
   Bax belə. Əsas odur ki, qəlbiniz üşüməsin. Üşüyərsə, bilin ki, ailənizin ocağı başına yığışsanız, hər şey yaxşılığa doğru dəyişəcək. 
   
   Gülcahan Mirməmməd