Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri, forumun təsisçilərindən biri Ziqmunt Berdıçovski əmindir ki, Bakı Şopinq Festivalı birmənalı olaraq Azərbaycana turist səfərlərinin artmasına səbəb olacaq.
   Festivalın saytına açıqlama verən Z.Berdıçovski deyib: “Festival kiçik və orta sahibkarlığın da inkişafına müsbət təsir göstərəcək. Məhz bu sahələr ölkədə iqtisadi artımın əsasını təşkil etməli və ümummilli gəlirin formalaşmasında vacib rol oynamalıdır”.
   Z.Berdıçovski əlavə edib ki, layihənin tam effektli olması üçün zamana ehtiyac var: “1991-ci ildə mən Krinisa İqtisadi Forumunu yaradanda forum cəmi 100 nəfəri toplaya bilirdi. İndi isə forumu dünyanın ən müxtəlif bölgələrindən 4500-ə yaxın iştirakçı ziyarət edir”. 
   Amma o, əmindir ki, Bakı Şopinq Festivalının inkişaf etməsi üçün Krinisa forumundan daha az vaxt tələb olunur. İndiyədək Bakıda “Avroviziya” və “Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə təşkil edildiyini deyən Z.Berdıçovski Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə adlandırıb.
   Xatırladaq ki, Polşanın Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumu Davosdan sonra Avropanın ən böyük iqtisadi forumlarından biri hesab edilir.