Oktyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Cəfər Cabbarlının “Ana” şeirinə çəkilmiş klipin təqdimatı keçirildi. 
   Tədbirdə çıxış edən layihənin ideya müəllifi, professor Vüqar Əhməd əsərin yaranma tarixi haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, ölməz Cabbarlı yaradıcılığı hər zaman aktuallığı ilə seçilir. Onun bir əsr bundan əvvəl yazdığı əsərləri indi də günümüzlə səsləşir. 
   C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı “Ana” şeirinə klipin muzey və “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin birgə layihəsi əsasında çəkildiyini dedi. Bildirdi ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi yer tutmaqla yanaşı, həm də lirik şeirlər müəllifi olub. O, “Ana” şeirini 1916-cı ildə 17 yaşında ikən qələmə alıb. Ədibin yaradıcılığında xüsusi yer tutan bu şeir hazırda ikinci həyatını yaşayır.
   “Ana” şeirinə yazılmış musiqinin müəllifi, bəstəkar Elçin İmanov da fikirlərini bölüşdü. Qeyd etdi ki, mahnı şeirin mətninə toxunulmadan ərsəyə gəlib. 
   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, şairlər Vahid Əziz, Baba Vəziroğlu, “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov əsərin peşəkarlıqla ərsəyə gəldiyini, mahnı janrından daha çox ballada janrına yaxınlığı barədə fikirlərini bildirdilər. 
   Təqdimat mərasiminin sonunda Xalq artisti Alim Qasımov bildirdi ki, uzun illərdir şeiri əzbər bilsə də, muğamda ifa edə bilməyib. Bəstəkardan təklif gələndə isə böyük məmnunluqla qəbul edib. 
   Sonra klipə baxış oldu. Klipin rejissoru Fuad Təhməzov, operatoru Sənan Eynullayevdir, aranjiman Əvəz Muradova məxsusdur. 
   
   Lalə Azəri