“Bu regionda xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur”
   
   Oktyabrın 18-də Bakıda “Ənənələr və innovasiyalar” devizi altında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun açılış mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilib.    
   Beynəlxalq Muğam Mərkəzində keçirilən simpoziumun iştirakçıları əvvəlcə foyedə xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış oldular.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verən simpoziumun tarixi haqqında danışdı. Bildirdi ki, 1983-cü ildə Bakıda UNESCO-nun himayəsi ilə ilk dəfə Şərq xalçaları üzrə beynəlxalq simpozium təşkil olunub. Diqqətə çatdırıldı ki, bundan öncəki, IV beynəlxalq simpozium 2007-ci ildə Parisdə - UNESCO-nun baş qərargahında keçirilib və görkəmli Azərbaycan xalçaçı-rəssamı Lətif Kərimovun 100 illiyinə həsr edilib. 
   Nazir simpoziumda müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, dünyada bənzəri olmayan Xalça Muzeyinin yaranmasından söz açdı.
   
   Simpoziuma 20-dən çox ölkədən mütəxəssislər qatılıb
   
   Qeyd edildi ki, V Beynəlxalq simpoziumun keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran beynəlxalq “Halı” jurnalıdır. Simpoziumda 20-dən çox ölkədən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.
   Ölkəmizdə xalçaçılıq sənəti sahəsində əldə olunan uğurlardan danışan Əbülfəs Qarayev dedi ki, Azərbaycan xalça sənəti 2010-cu ildə dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Hazırda xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla davam etdirilir: “Əminəm ki, bu simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcək”. 
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalça sənətimizin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan araşdırmalardan bəhs etdi. Qeyd olundu ki, Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzlərindən biridir. Xalça sənəti AMEA-da bir neçə istiqamətdə tədqiq edilir. Son illər akademiyanın alimlərinin bu yöndə sanballı elmi əsərləri nəşr olunub. 2016-cı ildə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə “Azərxalça” ASC-nin birgə səyi nəticəsində xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb. Qısa müddətdə mərkəz tərəfindən iki sanballı tədqiqat əsəri çapdan çıxıb: “Bu gün sərgidə nümayiş olunan monoqrafiyalar, kitablar ölkəmizdə xalçaçılıq sənətinin tədqiqinə böyük maraqdan xəbər verir. Bu sahəyə aid kitabları toplasan, böyük bir kitabxana yaranar. Bu mənada Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməyə mənəvi haqqı var. İnanıram ki, bugünkü tədbir xalçaçılıq elminin inkişafına yeni töhfələr verəcək, ölkəmizin xalçaçı alimləri ilə dünyanın nüfuzlu tədqiqatçıları arasında yeni körpülər yaradacaq”. 
   
   Azərbaycan xalça sənəti milli və bəşəri dəyərdir
   
   “Azərxalça” ASC İdarə heyətinin sədri Vidadi Muradov dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda belə bir simpoziumun təşkil olunmasına görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu simpoziumun keçirilməsi dünya xalçaçılığında müstəsna əhəmiyyətə malik bir hadisədir: “Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, yarandığı tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, burada “Xalçaçı günü” qeyd edilir. Tədbir günlərində Azərbaycanda xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafının da şahidi olacaq, perspektivlərini dəyərləndirmək imkanı qazanacağıq”.
   İCOC-un Akademik Komitəsinin sədri Alberto Boralevi də Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirən simpoziumun əhəmiyyətini vurğuladı: “1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir sovet dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalçası mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməyi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və o dövrdən tanıdığm bir çox xalçaçı mütəxəssislərlə bir aradayam”.
   A.Boralevi bildirdi ki, builki simpozium üçün seçilmiş “Ənənələr və innovasiyalar” devizi çox cəlbedicidir. Təkcə Azərbaycanda deyil, bütün dünyada əl ilə xalça toxumaq bu sənət növünün necə çətin olduğunu əks etdirir.
   İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan Azərbaycanda toxuculuğun tarixindən danışaraq xalqımıza məxsus xalça nümunələrinin dünyada böyük maraqla qarşılandığını qeyd etdi. Bildirdi ki, bu coğrafiyada xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur.
   * * *
   Sonra Berlindəki İslam İncəsənəti Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykl Fransis “Qafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim etdi. Bildirdi ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar dövrü və XIX əsr xalça sənəti haqqında geniş məlumatlar yer alıb. Hazırda dünyanın 30-dək muzeyində Azərbaycan xalça sənətinin ən qədim nümunələri qorunub saxlanılır.
   Açılış mərasimindən sonra beynəlxalq simpozium akademik sessiyalarla davam etdi.
   
   Lalə