Dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümünə həsr olunmuş sərgi 
   
   Oktyabrın 18-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı tədbir-sərgi keçirildi.
   Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək 1991-ci il oktyabrın 18-də respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyini bildirdi. Qeyd etdi ki, bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşub. Muzeydə keçirilən sərgidə AzMİU-nun tələbələrinin bu tarixi günü əks etdirən 50-dək əl işi nümayiş olunur. Tədbirdə universitetin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov, tələbə Məryəm Kərimova gənclərin ümummilli lider Heydər Əliyev ideyalarına sadiqliyindən danışdılar.
   Sonda universitetin “Gənclərin respublika bədii yaradıcılıq evi”nin üzvləri hazırladıqları rəqs və musiqi çələngini təqdim etdilər.
   
   Fariz