“Azərbaycanfilm” kinostudiyasında Bakı Beynəlxalq Film Festivalının təşəbbüs qrupunun iclası keçirilib. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib.
   M.Hətəmov qeyd edib ki, Azərbaycan filmləri beynəlxalq festivallarda uğurla nümayiş olunur. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunun dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır.
   İclasda beynəlxalq tədbirin təşkili, festivalın nizamnaməsinin hazırlanması, maliyyə, təşkilati dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.