Oktyabrın 18-də Heydər Əliyev Sarayının səhnəsində Fransa estradasının canlı əfsanəsi Patrisiya Kaasın konserti olub.
   Dünya şöhrətli ifaçının konserti böyük maraqla qarşılanıb. Konsertdə müğənninin pərəstişkarları tərəfindən sevilən hitlər, həmçinin əfsanəvi şanson-ifaçı Edit Piafın xatirəsinə həsr olunan “Kaas chante Piaf” (2014) adlı 10-cu albomuna daxil edilən yeni kompozisiyalar səslənib.
   Patrisiya Kaasın stili qarışıq pop və caz musiqisidir. İndiyədək dünyada 18 milyon diski satılan müğənninin xüsusilə Avropada və MDB-yə üzv ölkələrdə böyük pərəstişkarlar ordusu var. O, Fransa musiqisinin inkişafında töhfəsinə görə bir sıra təltif və mükafatlara layiq görülüb. Müğənni, həmçinin “İndi isə... Xanımlar və cənablar” və “Öldürülən” filmlərinə çəkilməklə aktrisa kimi də özünü sınayıb.