Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilib.
   İclasda ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilin birinci yarısında görülən işlərdən danışıb, qarşıdakı aylarda keçiriləcək tədbirlərdən bəhs edib.
   Bildirilib ki, oktyabrın 28-də Heydər Əliyev Mərkəzində SSRİ Xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsi keçiriləcək. Noyabrın 8-də görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi münasibətilə Bəstəkarlar İttifaqında elmi konfrans, habelə kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.
   İlin sonunadək həmçinin Xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif konsertinin, bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın yaradıcılıq gecəsinin, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri - əməkdar incəsənət xadimləri Zemfira Qafarovanın 75, Sərdar Fərəcovun 60, Cəlal Abbasovun 60, o cümlədən xalq artistləri Elza İbrahimovanın 80, Emin Sabitoğlunun 80, Nəriman Məmmədovun 90 illiklərinə həsr edilən xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.
   F.Əlizadə vurğulayıb ki, dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyi 2018-ci ildə Beynəlxalq musiqi festivalı kimi qeyd olunacaq. Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün böyük əhəmiyyətə malik olacaq bu yubileyə çox ciddi hazırlaşır. 
   Sonra ittifaqın katibləri Zemfira Qafarova, Cəlal Abbasov, Sərdar Fərəcov görülən işlərdən danışıblar.
   Sonda ittifaqa yeni üzvlərin qəbul edilməsi məsələsinə baxılıb. Gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.