Oktyabrın 17-dən 19-dək Fransanın Strasburq şəhərində “Avropa irs günləri” layihəsinin milli koordinatorlarının növbəti illik toplantısı keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Qasım Şirinli iştirak edib. 
   Görüşdə 2017-ci il ərzində “Avropa irs günləri” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin, eləcə də Avropa Komissiyasının və Avropa Şurasının “2018-Avropada mədəni irs ili: bölüşmək sənəti” layihəsinə dair müzakirələr aparılıb.
   Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.