Oktyabrın 18-də Azərbaycan Dillər Universitetindəki Amerika mərkəzində respublikanın region kitabxanalarında Amerika guşələrinin yaranmasının 10 illiyi ilə əlaqədar konfrans işə başlayıb. 
   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 4 regiondakı kitabxanalarda - Gəncə şəhər, Kürdəmir, Salyan və Xaçmaz rayon mərkəzi kitabxanalarında Amerika guşələri yaradılıb. Bu guşələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyi arasında 2007-ci ildə imzalanan anlaşma memorandumu əsasında təşkil edilib. Ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq olunan memorandumun müddəti növbəti beş ilə uzadılıb. Amerika guşələri iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edir. 
   Burada istifadəçilər ABŞ-ın dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti və s. ilə tanış olurlar.
   Konfransın açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova bildirib ki, ötən müddətdə Azərbaycan kitabxanalarında fəaliyyət göstərən Amerika guşələri maraqlı layihələr həyata keçiriblər. Bu guşələrdə gənclərimiz ingilis dilini öyrənib, dil biliklərini təkmilləşdirib, xarici ölkələrdə təhsil barədə geniş məlumatlar alıblar. 
   Sektor müdiri diqqətə çatdırıb ki, Azərbaycanda kitabxana-informasiya sahəsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. 2004-2008-ci illərdə ölkə başçısı tərəfindən imzalanan 5 sərəncam bu sahənin inkişafına böyük təkan verib. Kitabxana-informasiya sahəsi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet sahələrindən biridir. Sahəyə dair bütün innovativ layihələr nazir Əbülfəs Qarayev tərəfindən dəstəklənərək həyata keçirilir. Bildirilib ki, Amerika guşələrinin əməkdaşları öz təcrübələrini digər regionlarda da yaymalı və daha maraqlı, aktual layihələrlə çıxış etməlidirlər. 
   ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Kerolayn Savec bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin yaradılmasından 25 il keçir. İki dost ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. O, vurğulayıb ki, Amerika hökuməti bu guşələrin fəaliyyətini dəstəkləyir və onlara lazımi kömək göstərir. K.Savec Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə xüsusi minnətdarlığını bildirib və qeyd edib ki, ötən on il ərzində nazirlik tərəfindən guşələrə hər cür təşkilati dəstək göstərilib.
   Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qeyd edib ki, tədris ocağındakı Amerika mərkəzi on ildir fəaliyyət göstərir və bu illər ərzində regionlardakı Amerika guşələrinə dəstək verib, onların işini koordinasiya edib.
   Konfrans öz işini günün ikinci yarısında, habelə oktyabrın 19-da davam etdirib. Amerika guşələrinin koordinatorları yeni maraqlı layihələrlə, ABŞ haqqında məlumatlarla, ingilis dilinin inkişafı ilə bağlı proqramlarla tanış olublar, təcrübə mübadiləsi aparılıb, sosial media ilə işləmə texnologiyaları, marketinq və menecment və s. məsələlər müzakirə olunub.