Ulu, böyük, bütöv Azərbaycanın qədim Gəncə doğumlu Xudadat bəy Rəfibəylisi!.. 
   
   Sən və düşüncədaşların iki-üç ildə o qədər Vətən-Millət işləri gördünüz, sovet-bolşevikbaş çağdaşlarınız isə yetmiş il adlarınızın çəkilməsini belə yasaqladılar...
   Gələn ilin mayında, sizlərin qurub-yaratdığınız Cümhuriyyətin 100, sənin doğum yaşının 140-ı tamam olur, bəy! İdeya-amal qatarınız isə dayanıb-durmaz bir səfərdə...
   
   Sən - Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli Rusiyanın işğalından sonra adı dəyişilib Yelzavetpol edilən Gəncədə - büsbütün əsilzadə bir ailədə doğuldun, qanlı-şanlı türk-müsəlman oğullarının qətlinə, milli gələnəklərimizin əleyhinə çalışan düşmənlərimizə cavab təyinatlı “Difai” (dəfetmə) partiyası qurucularından olan atanın əzm-fədakarlığı sayəsində, Azərbaycanın Avropa təhsilli (Xarkov İmperator Universitetinin Tibb fakültəsi) ilk yüksəkixtisaslı cərrahı, milli istiqlal mübarizəsinin fəalı, ilk səhiyyə naziri, görkəmli dövlət xadimi oldun. Xarkovda tələbə dostlarınla yaratdığın “Həmyerlilər” dərnəyində mənimsədiyin ictimai fəaliyyət təmrinləri gələcək milli-ictimai görəvlərində çox gərəyin olacaqdı... 
   
   Beləliklə;
   
   1907-ci ildə Gəncəyə qayıdan Xudadat bəyi, Yelizavetpol qubernatorunun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edirlər. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq ona titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-də saray müşaviri rütbələri verilir və Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilir. Lakin bu uğurlardan heç də “gicəllənməyən” Xudadat bəy ixtisas biliklərini artırmaq üçün 1912-13-cü illərdə Sankt-Peterburq İmperator Klinik İnstitutunun “12 ixtisas üzrə dinləyici”liyinə gedir. 1916-cı ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Gəncənin ictimai-siyasi həyatında fəal iştirak etməklə bahəm, 1914-cü ildə (Həsən bəy Ağayevlə birgə) daha bir ilkə - səhiyyə-sağlamlıq təyinatlı “Gəncə Tibb Cəmiyyəti”nin yaradılmasına nail olur. Xarkovdakı “Həmyerlilər” dərnəyində dostlaşıb, qohumluqdan əlavə, ürəklərində milli-mənəvi əlbir-dilbirlik məramnaməsi də bağladığı Musa bəy Rəfiyev və başqaları ilə birlikdə “sağlam millət” kredosu ilə yoluxucu xəstəliklərin qarşısını almaq üçün tədbirlər hazırlayıb, gecəli-gündüzlü yorulmaz fəaliyyətə başlayır. Ədalətli və ötkəm göstərişlərilə ölkə ərazisində pulsuz müalicə xidməti göstərən bir neçə xəstəxana açılır, kənd yerlərində yeni müalicəxana məntəqələrinin tikintisinə başlanılır, Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradılır, şəxsən özü imkansızlara, yoxsullara pulsuz tibbi yardım edir, “sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır” devizli xeyriyyəçiliklər edir. 
   Bunlardan bir -
   
   Milli ÜSTüsü
   
   Erməniləri silahlandırıb hər cür yardımlar edən Rusiya ordusunun zabitləri işğal etdikləri Osmanlı torpaqlarından geri çəkilərkən (1918-in yanvarı) dəmir yolu boyu yaşayış məntəqələrində talançılıq edir, erməni silahlı dəstələrinə qarşı əliyalın qalmış müsəlmanlara isə “silahlarını təhvil verəcəkləri halda dincliklə vətənlərinə yola salacaqlarını” bildirirlər. Təklif qəbul edilmir, Şəmkir stansiyasında qarşıdurma yaranır, hər iki tərəfdən ölən və yaralanan olur. Yaralıları (milliyyətinə fərq qoymadan!) müalicə üçün Xudadat bəy Zəyəmdə səyyar hospital təşkil edib, cərrah kimi əlindən gələni əsirgəmir, hətta ağır vəziyyətdə olanları Gəncədəki xəstəxanaya gətirtdirərək sağalanadək qayğılarına qalır. Və... onun bu insanpərvərliyindən təsirlənən rus hərbçilərindən bəziləri şükranlıq borclarını yerinə yetirmək üçün yeni yaranmaqda olan Azərbaycan ordusunun formalaşmasına yardımçı olurlar...
   Xalq arasındakı nüfuzunu, təşkilatçılıq bacarığını nəzərə alan gənc Azərbaycan hökuməti vacib bir səbəblə əlaqədar olaraq səhiyyə naziri vəzifəsindən getməli olan Xudadat bəy Rəfibəylinin - bu ali, nəcib insanın yüksək peşəkarlığından, bölgədə böyük nüfuzundan istifadə etməyi qərara alır və 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edir.
   O, qubernatorluğa başladığı ilk gündən Gəncə quberniyası ərazisindəki “Daşnaksütyun” partiyası və Andronikin başçılıq etdiyi silahlı qruplaşmaların müsəlman kəndlərinə basqınının, bolşevik, anarxist və imperiya tərəfdarı olan müsəlmanların törətdikləri təxribatların qarşısını almaq epizodlarında şəxsən özü də iştirak edir. 
   1920-ci ilin aprelində yerli sosialistlərin, Rusiyapərəst qüvvələrin yardımı ilə bolşeviklər Azərbaycanı işğal etdikdə Xudadat bəy Rəfibəyli bəyanat verərək vəzifəsini dayandırdığını bildirir. Bəyanatda deyir: "Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin məmurları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətli işlərə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm. Ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər".
   Ancaq... “sapoq”-bolşeviklər bu alicənablığı anlaya biləcək səviyyədə idilərmi?..
   Mən az qala qırx il bu sualı canımda-qanımda gəzdirmişəm və elə ilk günlərdən bunun cavabını onun qızının - həya və poeziya mücəssəməsi Nigar xanım Rəfibəylinin baxışlarında da görmüşəm...
   Və ovaxtdan-buvaxta bir-iki dostuma da -
   
   Demişəm ki;
   
   Onların ümumi-ümummilli bir ARZUsu vardı: müstəqil dünyəvi-demokratik Cümhuriyyət! Qurdular. Öz universal-intellektual kompleksləri ilə - Əsilzadə, Xan-Bəyanə, Ədəb-İrfani, Sivil-Elitari keçənəkli ölkələrinin adını yenicə-yönücə yamadılan “proletari”, “çarıqlı-patavalı” kimi ayamalardan qorumaq. Başladılar... ancaq, “ƏbədiŞƏR” ləqəbli bir imperiyanın hərb “sapoq”ları altında başa çatdıra bilmədilər.
   Ağılları kəsəli - “Can Azərbaycan” nidası ilə yaşamış ONLARdan bir can da Xudadat bəy Rəfibəyli idi ki, 1920-ci il mayın 12-də ÇK zindanında müstəntiq Səfikyana verdiyi ifadəsində yazırdı: “Mən bütün həyatımı vicdanla yaşamışam. Mənim həbsim sifarişlidir. Erməniləri qətlə yetirməyim haqda ittihamlar ermənilərin öz uydurmasıdır. Mən ermənilərin qətl edilməsi haqda nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə göstəriş vermişəm. Əksinə, Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin onlar hər dəfə bu tələblərə riayət etmək əvəzinə, öz məhəllələrindəki insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyilə həyata keçirilib”.
   Səfikyan isə bütün istintaq uzunu Xudadat bəyi ağır işgəncələrə məruz qoyaraq, bu ifadələrdən imtinaya məcbur edir, onun həbsdən azad edilməsilə bağlı davamlı xahişlərini qulaqardına vurduğu N.Nərimanovun bərk qəzəblənərək, xilas üçün Moskvaya səfər etməsini eşidəndə isə, “müttəhim”i istintaq başa çatmadan (məhkəməsiz) qətlə yetirmək qərarına gəlir. 1920-ci il iyunun 1-də Xudadat bəyi xəlvəti yolla Xəzərin kiçik bir adasına aparıb, güllələyirlər...
   Ulu Mirzə Cəlilimiz demişkən, bu heynidə mətndaxili (və qəlbiçi) bir “P.S.”:
   Öz əlimlə yazdığım sonuncu abzasdan üşənib-üşüdüm, məlum 70 ildə həmin müstəntiqin mənsub olduğu “millət”ə necə inanıb-imangətirmə canfəşanlıqlarımızı xatırlayanda isə, müqəddəs-“əzazil” Mirzə Ələkbərimiz demişkən, “qızmandım”... 
   
   Tahir Abbaslı