Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. 
   Pakistan Milli İncəsənət Şurasının salonunda təşkil olunan mərasimdə bu ölkənin xarici işlər nazirinin müavini Eytizaz Əhməd, xarici dövlətlərin diplomatları, səfirliyimizin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Mərasimdə səfir Əli Əlizadə çıxış edərək ekran əsəri haqqında məlumat verib. Bildirib ki, film Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edir. Kinolentdə azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaşanan sevgi, onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş etdirməsi ekran əsərində mükəmməl təsvir edilib. Bu, eyni zamanda Azərbaycan xalqının tolerantlıq mədəniyyətinin təcəssümüdür.
   Səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü günü ərəfəsində “Əli və Nino” filminin təqdimatının Pakistanda keçirilməsinin sevindirici hal olduğunu, bu illər ərzində dost ölkə ilə münasibətlərin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.
   Eytizaz Əhməd filmin təqdimatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrikini ifadə edib, iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olduğunu vurğulayıb. 
   Sonra “Əli və Nino” filmi nümayiş etdirilib. Filmin müxtəlif epizodları, o cümlədən gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, xüsusilə də çox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri tamaşaçıları xeyli duyğulandırıb. Filmin Pakistanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, 2016-cı ilin yanvarında böyük ekrana çıxan “Əli və Nino” filminin ssenari müəllifli Kristofer Hempton, rejissoru Asif Kapadia, icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Baş rolları Mariya Valverde və Adam Bakri canlandırıblar.