Azərbaycan
   
   25 oktyabr 1907 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.
   25 oktyabr 1911 - Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.
   25 oktyabr 1912 - Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. Akademik Dram Teatrında, "Azərbaycanfilm" kinostudiyasında ("Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) geyim üzrə rəssam işləyib. 
   25 oktyabr 1913 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk tamaşası olub. Tamaşaya Hüseyn Ərəblinski quruluş verib.
   25 oktyabr 1921 - Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (Dilarə), "Aygün" (Aygün), "Əhməd haradadır?" (Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb. 
   25 oktyabr 1923 - Bakı Rus Tənqid-Təbliğ Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
   25 oktyabr 1925 - Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 - 14.5.2017) Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.
   25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
   25 oktyabr 1935 - Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.
   25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883 - 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. "Hacı Qara", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib. 
   25 oktyabr 1960 - Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. 1997-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Kişi sözü", "Şahid qız", "Fəryad" və s. filmlərdə çəkilib. 
   25 oktyabr 2008 - Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   
   26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.
   26 oktyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. “Şöhrət” (2006), “Şərəf” (2016) ordenləri ilə təltif edilib. 
   
   27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
   27 oktyabr 1937 - İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. UNESCO-da çalışıb, 1992-2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.
   27 oktyabr 1939 - Şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.
   27 oktyabr 1945 - Kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov Bakıda doğulub. “Azərbaycanfilm”də 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.
   27 oktyabr 1950 - Dirijor, Xalq artisti Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, ansamblın nəzdində Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professorudur. 
   
   Dünya
   
   25 oktyabr 1825 - Avstriya bəstəkarı Yohann (oğul) Ştraus (1825-1899) anadan olub. 150-dən çox vals, 15 operetta, digər musiqi əsərlərinin müəllifidir. 
   25 oktyabr 1838 - Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838 - 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
   25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub. 
   25 oktyabr 1881 - İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika". 
   25 oktyabr 1894 - XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub. Kiçik yaşlarında gözlərinin nurunu itirsə də, dillər əzbəri olan əsərlər yaradıb.
   25 oktyabr 1924 - Türkçülüyün əsas ideoloqlarından biri, şair və publisist Mehmet Ziya Göyalp (1876-1924) vəfat edib.
   
   26 oktyabr 1819 - Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub. 
   26 oktyabr 1842 - Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s. 
   26 oktyabr 1912 - Amerika rejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, “Hitler sağdır” və s.
   
   27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonata, kvartet və digər musiqi əsərlərinin müəllifidir.
   27 oktyabr 1899 - SSRİ Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.
   
   Hazırladı: Vüqar Orxan