Qazax Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda görkəmli saz ustadı, Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun xatirəsi anılıb. Tədbirdə aşığın həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb.
   Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova bildirib ki, Ədalət Nəsibovun Azərbaycan mədəniyyətinə bəxş etdiyi yüzlərlə sənət incisi, saz havası bu gün gənc aşıqlar üçün bir örnəkdir. 
   İctimai birliyin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, bu sənətin yaşadılmasında, inkişafında Ədalət Nəsibov kimi sənətkarların müstəsna xidmətləri var.
   Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, Əməkdar mədəniyyət işçiləri - aşıqlar Avdı Musayev, Ədalət Dəlidağlı və başqaları Ədalət Nəsibovun saz ifaçılığının, unudulmaz lent yazılarının əsrlərlə yaşayacağını söyləyiblər. 
   Mərasimdə “Dəli Kür” qəzetinin “Dədə Ədalət” adlı xüsusi buraxılışının təqdimatı keçirilib. Görkəmli aşığa həsr edilmiş şeirlər oxunub, onunla bağlı xatirələr dinlənilib.
   Sonda aşığın oğlu Hekayət Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.