Oktyabrın 20-si görkəmli xanəndə, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 95-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın xatirəsini yad etdilər, məzarı üzərinə tər çiçəklər düzdülər. 
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan anım mərasimində idarənin rəisi Vuqar Zeynalov muğam və lirik mahnılar ifaçısı Şövkət Ələkbərovanın ürəklərdə özünə abidə ucaltdığını söylədi. Bildirdi ki, müğənninin yaradıcılığında yüksək vokal mədəniyyəti ilə zərif emosionallıq vəhdət təşkil edirdi. Onun ifaçılığı üçün səciyyəvi olan dərin lirizm, məharətli improvizələr yaradıcılığının əsas özəlliyidir. Şövkət Ələkbərovanın məlahətli səsi bu gün də xatirələrdən silinməyib. Bu ifalar lent yazılarında əbədiləşərək gələcək nəsillərə ötürülür. İnsanlar indi də bu qüdrətli sənətkarın oxuduğu “Segah”, “Qatar”, “Şahnaz” muğamları, “Məhəbbət”, “Tez gəl”, “Süsən-sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Ceyran”, “Dərələr” və s. bəstəkar mahnılarını unutmurlar. 
   Sənətkarın adını daşıyan 20 nömrəli 11 illik Musiqi məktəbinin direktoru Sevda Məmmədova və digər çıxış edənlər Şövkət Ələkbərovanın möhürünü vurduğu mahnıların bu gün də tanınmış və gənc sənətçilərin repertuarlarını bəzədiyini bildirdilər. 
   Vurğulandı ki, Şövkət xanım həm də Azərbaycan xalq musiqisi ənənələrinə sadiq qalan və onları davam etdirən bir şəxsiyyət kimi anılır. O, səhnəyə özünəməxsus ifa tərzi və davranış qaydaları da gətirmişdi. Korifey sənətkarın gözəl pedaqoq kimi qoyub getdiyi ənənələrin davam etdirildiyi qeyd edildi.
   Sonda Şövkət Ələkbərovanın ailəsi adından çıxış edən Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin direktoru Gülnarə Səfərova mərasimin təşkilatçılarına və ziyarətçilərə minnətdarlığını bildirdi. 
   
   Lalə Azəri