Simpozium iştirakçılarının təəssürat və rəyləri 
   
   Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumda 20-dən çox ölkədən xalça sənəti üzrə mütəxəssislər iştirak edirdi. Onların bir neçəsinin tədbirlə bağlı təəssüratını öyrəndik.
   
   Vendel Svan (Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin sədri): 
   
   - Azərbaycanda növbəti dəfə belə bir beynəlxalq simpoziumun keçirilməsini yüksək qiymətləndirirəm. Qədim xalçaçılıq sənətinin bu ölkədə yaşadılması və dünyada təbliğ edilməsi olduqca əlamətdardır. Dünyanın əksər ölkələrinin muzeylərində Azərbaycan xalçaları saxlanılır. Onların hər biri bir tarixdir. Bu sənətlə məşğul olanlar bilirlər ki, Azərbaycan xalçaları öz özəllikləri ilə seçilir. Ölkənizdə bu sahənin inkişafına diqqət var. Ümumiyyətlə, bu coğrafiyada qədimdən xalçaçılığa xüsusi önəm verilib. Belə bir tədbirin Bakıda təşkil edilməsi də əbəs deyil. Çox şadam ki, Azərbaycanın ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirak edirəm. Simpozium bu sahənin mütəxəssislərini bir araya gətirib. Ümid edirəm ki, buradakı müzakirələr bütün iştirakçılar üçün faydalı olacaq.
   
   Alberto Boralevi (İCOC İdarə Heyətinin üzvü):
   
   - 1983-cü ildə keçirilən ilk simpoziumdan bizi uzun zaman ayırır. Həmin tədbir Şərq xalçaçılarının qərbli həmkarları ilə bir araya gəlməsinə ilk fürsət yaratmışdı. 34 ildən sonra bir araya gəlmək qloballaşan dünyada daha yaxşı anlaşma və müzakirələrə yol açacaq. İCOC bu simpoziumda həm qonaq, həm də tədbirin əsas təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşı qismində iştirak edir. Mən mütəmadi olaraq Azərbaycandan olan həmkarlarla əlaqə saxlayıram. Yenidən Bakıda olmaqdan məmnunam. İnanıram ki, simpoziumun işi uğurlu olacaq. 
   
   Eduardo Marino (İCOC üzvü): 
   
   - Azərbaycana ilk gəlişimdir. Xalça Muzeyində oldum. Azərbaycanın nümayiş etdirdiyi xalçalar çox gözəldir. Simpoziumun təşkilatçıları böyük iş görüblər. Tədbir çərçivəsində təqdim edilən konsert proqramını xüsusi qeyd etməliyəm. Bu qeyri-adi bir gecə idi və Azərbaycan musiqisinin zənginliyini göstərirdi. Musiqi alətlərinizə heyran oldum. Əsas da vokal ifaçılığını heç zaman unutmaram. Qeyd edim ki, şəhəriniz klassika ilə modernizmi özündə cəm edir. Bir sözlə, Bakıdakı simpoziumdan möhtəşəm təəssüratlarla ayrılıram. 
   
   Maykl Frensis (Berlin İslam İncəsənəti Muzeyi, “Hali Publications Limited” şirkətinin sahibi): 
   
   - Simpozium çox maraqlı məqamlarla yadda qaldı. Diskussiyalar, təcrübə mübadiləsi, xalçaçılığın müxtəlif problem və mövzuları. Həm də müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gəlməsi çox gözəldir. Azərbaycan xalçaları əsrarəngiz gözəlliyə malikdir. Bizdə gənc nəsil xalq sənəti ilə o qədər də maraqlanmır. Azərbaycanda gənclərin bu sahəyə marağını görmək məni məmnun etdi. Burada hər zaman gözəl qonaqpərvərliyin şahidiyik. Bakını sevdim və burada olmaqdan şadam. 
   
   Anna Beselin (Berlin İslam İncəsənəti Muzeyi):
   
   - Ölkənizə ilk gəlişimdir. Azərbaycan xalçalarının dizaynı məni həmişə heyran edib. Xalça fəlsəfi sənətdir. Mən tekstil dizaynı ilə maraqlanıram. Simpoziumda da bu mövzuda məruzələri maraqla izləyirəm. Siz öz milli ənənələrinizi qoruyaraq təbliğ edirsiniz. Bu mənim çox xoşuma gəldi. Təşkilatçılara təşəkkürümü bildirirəm. Tədbirin keçirildiyi bina, təşkilatçılıq, məruzələr, səslənən fikirlər - hər şey çox əladır. 
   
   Lalə Azəri