Oktyabrın 20-də növbəti Bakı Beynəlxalq Caz Festivalı başlanıb. Festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə keçirilir. 
   Festivalın açılış mərasimi “Elektra Events Hall”da gerçəkləşdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev paytaxtımızda ənənəyə çevrilmiş caz festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, 2017-ci il Azərbaycan musiqi mədəniyyəti üçün rəngarəng layihələr və tədbirlərlə zəngindir. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, eləcə də görkəmli musiqi xadimlərinin yubileyləri və bir sıra tədbirlər musiqisevərlərin zövqünü oxşayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələrdən danışan nazir müavini bu sırada musiqi festivallarının önəmini xüsusi vurğuladı. 
   Ölkəmizdə caz sənətinin tarixindən bəhs edən Ədalət Vəliyev müasir Azərbaycan musiqi mədəniyyətinin mühüm istiqamətinə çevrilən cazın Bakıda ötən əsrin 20-30-cu illərindən yayılmağa başladığını bildirdi. Qeyd olundu ki, görkəmli sənətkarlar Tofiq Quliyev və Niyazi 1940-cı ildə ilk caz orkestrini yaradırlar. Bu kollektiv tez bir zamanda peşəkarlığı və gözəl ifası ilə populyarlıq qazanır. Respublikamızda caz sənətinin ən yüksək inkişaf dövrü isə 1950-1960-cı illərə təsadüf edir. Bu dövrdə gənc klarnet ifaçısı Tofiq Əhmədov caz əsərlərini ifa edərkən milli musiqi ladlarından istifadə edir, onların üzərində işləyərək orkestr üçün kompozisiyalar yaradırdı. Bununla yanaşı, Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyevin dəstəyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı yaşandı. “Qaya” kvarteti, Rafiq Babayevin kollektivi və nəhayət, Vaqif Mustafazadə dövrü başlandı. V.Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə, yəni caz ruhunda, yurdunun dinləyiciləri üçün isə cazı doğma, onlara yaxın olan muğam dilində çatdıraraq sevdirdi. 
   70-ci illərin sonu - 80-ci illərin əvvəlində “Qızıl payız” festivalları, V.Mustafazadənin xatirəsinə həsr olunmuş “Bakı 83” festivalı keçirildi. Bu dövrdə Bakı artıq caz mərkəzlərindən biri kimi məşhurlaşmışdı: “Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan yaratdı. Hazırda ölkəmizdə caz musiqisinin öz dinləyici auditoriyası və pərəstişkarları var. Azərbaycanda yüksək istedadı və ifa səviyyəsi ilə milli caz sənətində rolu olan musiqiçilər yetişib. Həmin ifaçılar beynəlxalq caz festivallarında Azərbaycanı layiqincə təmsil edirlər. 2002-ci ildən başlayaraq Bakıda hər il müxtəlif təşkilatlar tərəfindən festivallar keçirilir və dünya caz musiqisinin təmsilçiləri azərbaycanlı ifaçılarla bir səhnəni bölüşürdülər. 2009-cu ildən isə Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilməyə başlandı. Bu illər ərzində festivalda dünya cazının məşhur simaları iştirak ediblər. İnanıram ki, növbəti festival da ölkənin mədəni həyatında əlamətdar tədbir kimi yadda qalacaq”.
   * * *
   Sonra festivalın ilk konserti təqdim edildi. Konsertdə Qvineyanın tanınmış caz ifaçısı Sekou Kouyatın musiqi qrupu klassik və müasir caz nümunələrini səsləndirdi. 
   Oktyabrın 28-dək davam edəcək festivalın əsas qonaqları sırasında dünya şöhrətli fransız akkordeonçu Rişar Qalyano da yer alıb. O, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğuyla Azərbaycan orkestri ilə çıxış edəcək. 
   Festivalda həmçinin “Kennedy Administreyşn” (ABŞ) qrupu, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Omri Mor (İsrail), Ondera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və başqa tanınmış cazmenlər, habelə Azərbaycanın caz kollektivləri və ifaçıları iştirak edirlər.
   
   Lalə Azəri