Musiqili Teatrda dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası 21-22 oktyabr tarixində Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə nümayiş olunub. İranlı aktyorun canlandırdığı Şah obrazı izləyicilərdə böyük rəğbət doğurub.
   İkinci tamaşa gününün sonunda səhnəyə çıxan Musiqili Teatrın direktoru Əliqismət Lalayev və Təbriz Teatrının rəhbəri Babək Nəhreynə sənət ocaqlarının əlaqələrindən, müştərək layihələrdən bəhs ediblər. Bir müddət əvvəl birgə layihə kimi “Bəxtəvər” komediyasının hazırlandığı diqqətə çatdırılıb. Aktyor Camal Saqinejad “999-cu gecə” tamaşasında uğurlu çıxışına görə Azərbaycan Dövlət Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub.
   Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Nabat Səmədovadır. Rolları Camal Saqinejadla yanaşı, teatrın gənc aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili və başqaları ifa ediblər.