Oktyabrın 23-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "HəArt" artkonsaltinq qrupunun gerçəkləşdirdiyi "İncəsənətə HƏ" layihəsi çərçivəsində "Biri var idi, biri yox idi..." adlı sərginin açılışı keçirildi. 
   Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi zamanı müxtəlif yaş qruplarına aid uşaq və yeniyetmələrin təsviri, tətbiqi sənət əsərləri nümayiş etdirildi. 
   Tədbiri giriş sözüylə Xalq rəssamı Ağəli İbrahimov açaraq uşaqların sənət dünyasının həmişə diqqəti cəlb etdiyini, onların fantaziyalarının səmimiliyinin sərhəd tanımadığını bildirdi.
   Layihənin kuratoru Könül Könüllü iştirakçılar arasında fiziki qüsurlu uşaqların da olduğunu diqqətə çatdırdı. O, sərgini uşaq dünyasına səyahət adlandırdı və balaca rəssamlara uğurlar dilədi. 
   Moldovanın ölkəmizdəki səfiri George Leuca, Fələstinin ölkəmizdəki səfirinin xanımı Ayu Sara, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli və başqaları çıxış edərək sərgilənən işlər haqqında düşüncələrini bildirdilər, iştirakçılara uğurlar dilədilər. 
   Əsərləri sərgilənən balacalardan Adil Dəmirtaş, Aytac Ağayeva, Ayxan Bağırlı, Fatima Əkbərova, Hüriyyət Seyidəhmədova, Ləman Kərimli, Leyla Mirməmmədova, Məryəm Cəfərova, Nigar Aşurova, Suada Yusifzadə, Ülkər Qurbanova və Ülviyyə Ədilovaya diplomlar təqdim edildi. 
   Bildirək ki, sosial xarakter daşıyan "İncəsənətə HƏ" layihəsi "HəArt" art-konsaltinq qrupu tərəfindən geniş kütlələrə çağırışdır. Əsas hədəf incəsənət sahəsinin təhsil prosesinin məcburi tərkibinə çevrilməsi mövzusunu gündəmə gətirməkdir.
   Sərgi oktyabrın 26-dək davam edəcək. 

   S.Qaliboğlu