Aşıq İsfəndiyar Rüstəmovun 80 illiyi qeyd olundu
   
   Oktyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın qədim sənət nümunəsi olan aşıq yaradıcılığından danışdı: "Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi, saz-söz sənətimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilib”.
   Nazir vurğuladı ki, Azərbaycanda aşıq sənətinin inkişafında və gənc nəslə ötürülməsində ustad sənətkar İsfəndiyar Rüstəmovun da xüsusi xidmətləri var. O, sovet dövründə də aşıq sənətinin təbliği və inkişaf etdirilməsi işinə böyük əmək sərf edib. Ömrünün 60 ilini aşıq yaradıcılığının inkişafına, təbliğinə, bu sənətin gənc nəslə aşılanmasına həsr etmiş İsfəndiyar Rüstəmov 1964-cü ildə Gədəbəydə ilk aşıq ansamblını yaradıb, respublikada və xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərin iştirakçısı olub.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək İsfəndiyar Rüstəmovun həyat və sənət yolundan, ölkəmizdə aşıq sənətinin inkişafında göstərdiyi xidmətlərdən danışdı. 
   Bildirdi ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunda anadan olub. Müxtəlif vaxtlarda Moskvada “Göy qurşağı” festivalında, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Dərbənddə “Narınqala” aşıq musiqisi festivalında, Türkiyə, İran və digər ölkələrdə keçirilən mədəni tədbirlərdə respublikamızı uğurla təmsil edib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü olan sənətkar aşıq sənətinin inkişafı istiqamətində bu gün də yorulmadan çalışır, eyni zamanda birliyin Gədəbəy rayon şöbəsinə rəhbərlik edir.
   Tədbirdə çıxış edən İsfəndiyar Rüstəmov ona göstərilən diqqət və qayğıya, eyni zamanda yubiley gecəsinin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
   Daha sonra aşıqların ifasında konsert proqramı təqdim olundu.
   
   Fariz