Oktyabrın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının vahid informasiya bazasının və qalereyanın veb-saytının təqdimatı keçiriləcək.
   Çağımızda doğma dildə Azərbaycan incəsənəti və təsviri sənəti haqqında mərkəzləşdirilmiş elektron vəsaitə olan tələbat və ehtiyac danılmazdır. Azərbaycan rəssamlarının vahid informasiya bazası virtual məkanda milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə yaradılıb. Elektron resurs Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən ərsəyə gətirilib.
   Qalereyanın internet saytı (www.azgallery.az) isə ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərləri qalereyanın fəaliyyəti ilə də yaxından tanış etmək imkanı yaradacaq. Hazırda qalereyanın fondunda 10 mindən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.